“Sabah” klubu U-14 Liqasının qalibi olub
AFFA-nın təşkil etdiyi futbol üzrə U-14 Liqasında 2018-2019-cu il mövsümünə yekun vurulub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, “ASCO Arena”da keçirilən final qarşılaşmasında “Sabah” və “Binə” komandaları qarşılaşıblar. Rəqibini 2:0 hesabı ilə məğlub edən “Sabah” liqanın qalibi olub. “Binə” ikinci, “Qəbələ” üçüncü pilləni tutublar.

Final oyunundan dərhal sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, aşağı yaş qrupu üzrə milli komandaların əlaqələndiricisi Miloş Velebit, kütləvi futbol departamentinin rəhbəri Cahangir Həsənzadə və uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev təqdim ediblər.

Rəqib qapılarından 64 top keçirən Amin Qarayev (“Qarabağ”) liqanın ən məhsuldar oyunçusu olub. Ən yaxşı qapıçı Emil Həbibov (“Sabah”), ən yaxşı oyunçu isə Nicat Məmmədov (“Sabah”) seçilib.

Xəbər 755 dəfə oxundu.