Kempoçularımız dünya çempionatı və kubok yarışlarını 7 medalla başa vurublar
İspaniyanın Qvadelaxara şəhərində kempo (İKF) üzrə 16-cı dünya çempionatı və dünya kuboku yarışı keçirilib.

Nüfuzlu yarışlarda ölkəmizi Beynəlxalq Kempo Federasiyasının Azərbaycandakı nümayəndəsi Rauf İbrahimovun başçılığı ilə yığma komandamız təmsil edib. Turnirin ilk günündə idmançılarımız kempo submişn üzrə yarışlarda çıxış ediblər. Onlardan ən yüksək nəticəni 16-17 yaşlılar arasında 70 kiloqram çəki dərəcəsində Toğrul İbrahimli qazanıb. O, bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. Kişilər arasında Eynulla Qafarov (70 kq) və Fərid Əhmədov (75 kg) isə gümüş medal qazanıblar.

Yarışın ikinci günündə kempo semi üzrə ustalar arasında çıxış edən Valeh Quliyev (95 kq-dan yuxarı) ikinci yeri tutub. Təmsilçimiz Toğrul İbrahimli kempo full üzrə yarışlarda da böyük uğur əldə edib. Belə ki, idmançımız ikinci qızıl medalı aktivinə yazdırıb. Həmin gün nokdaun versiyası üzrə kişilər arasında Eynulla Qafarov (70 kq) birinci, Vüsal Qələndərov (95 kg) isə ikinci olublar. Komandamız ümumi hesabda üç qızıl, dörd gümüş medalla Vətənə qayıdıb.

R.İbrahimov müsahibəsində yığma komandanın yarışlara yüksək səviyyədə hazırlaşdığını və nəticələrin uğurlu olduğunu bildirib: “Yarışlarda Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edən yığma komandamız parlaq nailiyyətlər qazanıb. Turnir gərgin idman şəraitində keçib. Yarışa Beynəlxalq Kempo Federasiyasının tərkib hissəsi olan dünyanın beş ən böyük təşkilatı Şorinci Ryu Kempo, Nippon Kempo, Kempo Ryu, UWSKF, ICKKF də qatılıb. Şübhəsiz, bütün bunlar kemponun Olimpiadanın proqramına daxil edilməsi istiqamətində atılmış daha bir addımdır. Ümumilikdə isə turnirdə 67 ölkədən 1300-ə yaxın idmançı mübarizə aparıb”.

Xəbər 714 dəfə oxundu.