Dünya Kuboku 2-ci dəfə Bakıda
Mayın 12-13-də Bakıda sərbəst güləş üzrə Dünya Kuboku keçiriləcək. Güləş Federasiyasından idman.com.az saytına verilən məlumata görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcəklər.

Proqramına əsasən, mayın 11-də püşkatma olacaq. Püşkatmanın nəticəsinə əsasən, komandalar 2 yarımqrupda mübarizə aparacaqlar. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə 3-cü yer uğrunda görüşəcəklər.

Yarışın rəsmi açılış mərasimi mayın 12-də, saat 14.30-da baş tutacaq. Final görüşü mayın 13-də saat 14.00-da keçiriləcək.
Qeyd edək ki, eyni yarış ölkəmizdə 2-ci dəfə keçirilir. 2004-cü ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilən Dünya Kubokunda millimiz baş mükafata sahib çıxmışdı. Pəhləvanlarımız bu uğuru 2009-cu ildə Tehranda keçirilmiş eyni yarışda da təkrarlayıblar.


Xəbər 1226 dəfə oxundu.