Saşa Stamenkoviç: “Neftçi” klubunda uğur qazanmaq üçün hər şey var - MÜSAHİBƏ
“Neftçi” klubunun qapıçısı Saşa Stamenkoviç Serbiya mətbuatına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, 27 yaşlı futbolçu Unibank Premyer Liqasının 30-cu turunda “Qarabağ»la matçda qazanılan Azərbaycan çempionluğu və kubokun final matçı haqda fikirlərini açıqlayıb, eləcə də, avrokubok iddiasından bəhs edib.

- Azərbaycanda keçirdiyiniz ilk mövsümdə çempionluq qazandınız...
- “Neftçi” mövsümü çox gözəl keçirdi. İndi biz Avropada uğurlu çıxış etmək niyyətindəyik. Komandamız buna tam hazırdır. Titul qazandıq, növbəti hədəf Avropadır.

- Çempionluğun qazanılması nə dərəcədə çətin oldu?
- Azərbaycanın ən yaxşı komandasının “Neftçi” olduğu hamıya məlumdur. Bizim boynumuza bunu sübut etmək düşürdü ki, işimizin öhdəsindən gəldik. Çempionluq yolunda yeganə rəqibimiz “Xəzər Lənkəran” idi. Buna baxmayaraq, sona 2 tur qalmış çempionluğu təmin edə bildik.

- 1 il əvvəl Azərbaycanı seçdiyiniz üçün peşman deyilsiniz ki?
- O vaxt bu təkliflə bağlı skeptik düşüncələrim olsa da, indi xoşbəxtəm. Çünki klubda hər şey əladır. Hər xırdalıqla maraqlanır, qayğı göstərirlər. Hesab edirəm ki, Avropa miqyasında uğur qazanmaq üçün hər şey var. Ötən mövsümlə müqayisədə bu il Çempionlar Liqasında daha böyük iz buraxmaq istəyirik. 1 il əvvəl bizi Zaqreb “Dinamo”su mübarizədən kənarlaşdırmışdı. Bu dəfə daha yaxşı çıxış edəcəyimizi istəyirik.

- Komandanın digər qapıçısı Rauf Mehdiyevlə rəqabət haqda nə fikirləşirsiniz?
- Mövsümün 21 oyununda qapıda mən dayanmışam ki, bu da yaxşı nəticədir. Son oyunda penaltini dəf etdim. Qarşıdakı mövsümdə də belə uğurlu oynamaq əzmindəyəm. İndiki heyətin qalmasını və növbəti çempionatlarda da dominantlıq etməyimizi istəyirəm.

- Qarşıda kubokun finalında “Bakı” ilə oyun var. Bu haqda nə düşünürsünüz?
- “Neftçi” “Bakı”dan qat-qat güclü komanda olduğundan, finalda qalib gələcəyimizi düşünürəm. Yarımfinal oyunları da göstərdi ki, biz daha güclüyük.

Xəbər 1013 dəfə oxundu.