Bədii gimnastika üzrə dünya kuboku turnirində çoxnövçülük yarışlarına yekun vurulub
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük yarışlarına yekun vurulub.

Yarışların ikinci günü maraqlı məqamlarla yadda qalıb. Belə ki, fəxri kürsüdə rusiyalı əkiz bacılar Dina və Arina Averina yer alıblar. Halqa, top, gürzlər və lentlə hərəkətlərin yekunlarına əsasən Dina 85.600 xalla qızıl, Arina isə 79.850 xalla gümüş medal qazanıb. Turnirdə üçüncü yeri ukraynalı Vlada Nikolçenko (78.900 xal) tutub.

Qaliblərə medalları Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçiləri Yevgeniya Jidkova və Nigar Əbdüsəlimova təqdim ediblər.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının ən çox icra xalına görə təsis etdiyi “AGF Trophy” mükafatı da təqdim edilib. Mükafat rusiyalı gimnast Dina Averinaya verilib. Rusiya təmsilçisini bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva mükafatlandırıb.

D.Averina dörd dünya kuboku yarışlarının üçündə ən yaxşı nəticə göstərdiyi üçün FIG kubokuna da sahib olub. Kuboku Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin prezidenti Nataliya Kuzmina təqdim edib.

Azərbaycan gimnastlarından Zöhrə Ağamirova 73,350 xalla 13-cü, Veronika Qudis isə 66,400 xalla 30-cu yerdə qərarlaşıb.

Fərdi gimnastlardan sonra qrup hərəkətləri komandaları arasında çoxnövçülük yarışlarının ən güclüləri müəyyənləşib. Beş top, üç halqa və iki cüt gürzlə yarışların ümumi nəticəsinə görə Yaponiya millisi 49.250 xalla qızıl, Rusiya yığması 48.950 xalla gümüş, Bolqarıstan təmsilçiləri 48.850 xalla bürünc medal qazanıb. Azərbaycan gimnastları isə 33.100 xalla 19-cu pillədə qərarlaşıblar.

İlk üç yeri tutan qrup hərəkətləri komandaları medal və hədiyyələrlə təltif olunublar. Bolqarıstan yığması ən yüksək icra xalını topladığına görə "AGF Trophy", Rusiya komandası isə dörd dünya kuboku yarışlarının üçündə ən yaxşı nəticə göstərdiyi üçün FIG kubokuna sahib olub.

Mükafatlandırma mərasimində qaliblərə medalları və xüsusi mükafatları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, federasiyanın texniki direktoru Natalya Bulanova, yarışların katibi Nigar Mirzəyeva, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva, Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Nataliya Kuzmina təqdim ediblər.

Turnirə aprelin 28-də yekun vurulacaq. Son yarış günündə həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər üzrə final yarışları keçiriləcək. Azərbaycan gimnastı Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə mükafatlar uğrunda mübarizə aparacaq. O, aprelin 26-da keçirilən təsnifat mərhələsində həmin alətlə yarışlarda 19.800 xal toplayıb.

Bakıda keçirilən dünya kuboku turnirində 39 ölkədən 200-dən çox gimnast iştirak edir.

Xəbər 808 dəfə oxundu.