Bədii gimnastika üzrə dünya kuboku turnirinin komanda çoxnövçülük yarışlarında qaliblər müəyyənləşib
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində qrup hərəkətləri proqramında çoxnövçülük yarışlarının qalib və mükafatçıları müəyyənləşib.

Beş top, üç halqa və iki cüt gürzlə yarışların ümumi nəticəsinə görə, Yaponiya millisi 49.250 xalla qızıl, Rusiya yığması 48.950 xalla gümüş, Bolqarıstan təmsilçiləri 48.850 xalla bürünc medal qazanıb. Azərbaycan gimnastları 33.100 xalla 19-cu pillədə qərarlaşıblar.

İlk üç yeri tutan komandaları medallar və hədiyyələr təqdim edilib. Bolqarıstan yığması ən yüksək icra xalı topladığına görə "AGF Trophy", Rusiya komandası isə dörd dünya kuboku yarışının üçündə ən yaxşı nəticə göstərdiyi üçün FIG kubokuna sahib olub.

Mükafatlandırma mərasimində qaliblərə medalları və xüsusi mükafatları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, federasiyanın texniki direktoru Natalya Bulanova, yarışların katibi Nigar Mirzəyeva, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva, Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Nataliya Kuzman təqdim ediblər.

Xəbər 786 dəfə oxundu.