Dünya Kubokunda çoxnövçülük üzrə fərdi hərəkətlərdə gimnastların mükafatlandırılması mərasimi olub
Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda çoxnövçülük üzrə fərdi hərəkətlərdə gimnastların mükafatlandırılması mərasimi keçirilib.

Halqa, top, gürzlər və lentlə hərəkətlərin yekunları üzrə ən yaxşı nəticəni rusiyalı gimnast Dina Averina göstərib (85.600 bal). İkinci yeri rusiyalı Arina Averina (79.850 bal), üçüncü yeri isə ukraynalı Vlada Nikolçenko (78.900 bal) tutublar.

Qaliblərə medalları Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçiləri Evgeniya Jidkova və Nigar Əbdüsəlimova təqdim ediblər.

Bundan əlavə, ən çox icra xalına görə Azərbaycan Gimnastika Federasiyasının xüsusi təsis etdiyi “AGF Trophy” mükafatı da təqdim edilib. Mükafat rusiyalı gimnast Dina Averinaya verilib. Gimnastı bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva mükafatlandırıb.

Həmçinin hazırkı Dünya Kubokunun 4 mərhələsinin yekunları üzrə 3 mərhələdə göstərilən ən yaxşı nəticəyə görə FIG kuboku təqdim edilib. Kubok rusiyalı gimnast Dina Averinaya təqdim edilib.

Kuboku Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin rəhbəri Natalya Kuzmina təqdim edib.

Xəbər 820 dəfə oxundu.