Pavel Doroşev: Starkov həmin qarşılaşmada məni görmək istəyir
“Qəbələ”nin qapıçısı Pavel Doroşev Latviya yığmasından dəvət alıb. İdman.com.az saytının məlumatına görə, bu haqda apasport.az-a futbolçunun özü məlumat verib. 32 yaşlı qolkiper bildirib ki, millisinin baş məşqçisi Aleksandr Starkovun onunla əlaqə saxlayıb.

“Starkov zəng edib, vəziyyətimlə maraqlandı. Millinin düşərgəsinə çağırıb, hazırlıq vəziyyətimlə tanış olacaq. 1 aydır oynamasam da, bu müddətdə komanda ilə məşqlərimi davam etdirirəm. Yığmamızın isə qarşıda Avropa çempionatının təşkilatçısı Polşa ilə səfər oyunu var. Starkov məni həmin qarşılaşmada sərəncamında görmək istəyir” – deyə, Doroşev bildirib.

Qapıçı vurğulayıb ki, Latviyaya yollananadək klub karyerasına aydınlıq gətirmək fikrindədir: “Mayın 14-də yığmanın düşərgəsinə yollanacağam. Həmin vaxtadək gələcək taleyimə aydınlıq gətirməliyəm. Sonradan yollarda qalmaq istəmirəm. Yığmamızın oyunundan sonra mövsümün yorğunluğunu çıxarmaq üçün istirahət edəcəyəm. Özümə yeni komanda tapa bilməsəm, klubumda qalıb, harada desələr, oynamağa hazıram. Hər halda, müqavilə ilə “Qəbələ”yə məxsus olduğumdan, futbolçu kimi müqavilə şərtlərini yerinə yetirməliyəm”.

Xəbər 1014 dəfə oxundu.