Formula 1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə tam təchiz olunub
Aprelin 26-28-də Bakıda keçiriləcək 2019 Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən yarışların telekommunikasiya xidmətləri ilə təminatı üçün zəruri tədbirlər görülüb.

Nazirlikdən bildirilib ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin tələbatına uyğun olaraq mövcud infrastrukturdan istifadə etməklə tələb olunan sayda və istiqamətlərdə optik liflər, eləcə də beynəlxalq çıxışları təmin edilməklə telefon xətti ayrılıb.

Həmçinin, “Bakı Şəhər Halqası” keçən küçə və prospektlərdə kabel-kanalizasiya qurğularının mühafizəsi təmin edilib.

Eyni zamanda, dayanıqlı, yüksəksürətli internet təminatı üçün müvafiq işlər görülüb. Daha keyfiyyətli radiorabitə xidmətləri və TV yayımı üçün yüksək parametrlərə malik optik kabel və 500-dək radiotezlik nominalı ayrılıb.

Bu da yarışlar zamanı istifadə ediləcək radioelektron vasitələrinin, televiziya və FM radio proqramlarının maneəsiz işinə imkan verəcək.

Xəbər 1811 dəfə oxundu.