Azərbaycan yelkənçiləri Sloveniyada keçirilən yarışlarda yüksək bacarıq nümayiş etdiriblər
Yelkənli İdman Federasiyasının yığma komandası aprelin 18-dən 22-dək Sloveniyada Optimist və Laser sinifləri üzrə keçirilən “Izola Spring Cup” və “Easter Regata” yarışlarında iştirak edib.

Federasiyadan bildiriblər ki, yelkənçilərimiz yarışlardan əvvəl beynəlxalq səviyyəli məşqçi Draqan Gasicin rəhbərliyi ilə təlim məşqlərə qatılıblar.

Avropa çempionatına hazırlıq xarakteri daşıyan yarışlarda 14 ölkədən 450 idmançı təmsil olunur. Optimist sinif üzrə iki və Laser 4,7 sinif üzrə üç yarış keçirilib. Öz bacarıq və peşəkarlıqları ilə seçilən yelkənçilərimiz Murad Hacızadə və Ayla Babayeva “Qızıl qrup”da yarışmaq imkanı əldə ediblər. Yelkənli İdman Federasiyasının gənc idmançılarının peşəkar yelkənçilərlə bir qrupda yer alması beynəlxalq səviyyəli məşqçilər tərəfindən xüsusi diqqət və rəğbətlə qarşılanıb.

Laser sinif üzrə yarışan yelkənçilərimiz Murad Allahverdi və İsmayıl Kərimov üç yarışda iştirak edərək yüksək bacarıq nümayiş etdiriblər. Azərbaycanı yarışlarda Optimist sinif üzrə yelkənçilərimiz Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Murad Hacızadə, Murad İsmayılov, Səxavət Əzimov, Laser sinif üzrə Murad Allahverdi və İsmayıl Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, Optimist sinif üzrə baş məşqçi Seyhun Yıldız, Laser sinif üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçi Anton Vilyayev təmsil ediblər.

Xatırladaq ki, aktiv bazası 2014–cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Optimist sinif üzrə 7-14 yaş uşaqlar, Laser sinif üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etmək olub.

Təlim məşqlərin keçirilməsində Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda Optimist və Laser sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı–ayrılıqda, xaricdən dəvət edilən iki baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin köməyi ilə komandaların məşqləri keçirilir.

Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim–məşq düşərgələrində iştirak ediblər. Bu, idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsi məqsədi daşıyır.

Xəbər 709 dəfə oxundu.