Zeynal Məmmədov: “İmkan daxilində daha çox irəliyə getməyə çalışacağıq” - MÜSAHİBƏ
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov apasport.az-a müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə o, komandanın gələcək planlarını açıqlayıb. Klub rəsmisi deyib ki, onlar yenə baş məşqçi postuna əcnəbi mütəxəssis gətirəcəklər.

- Öncə sizi ad gününüz münasibətilə təbrik edirik. Yəqin ki, bu ərəfədə ən yaxşı hədiyyə “Bakı”nın Avroliqaya vəsiqə qazanması oldu.
- Diqqətinizə görə sağ olun. Düzdü, artıq avrokuboklara vəsiqəni təmin etmişik. Ancaq Avroliqaya kuboku başımız üzərinə qaldırandan sonra getmək istəyirik.

- Deməli, avrokuboklara titulsuz getmək istəmirsiniz...
- Bəli, məqsədimiz kuboku qazanmaqdır. Elə fikirləşirəm ki, “Bakı”nın buna gücü çatar. Final 1 oyundan ibarətdir, gücümüzü səfərbər edib, meydanda sözümüzü deyə bilərik. Bu baxımdan problem yoxdur.

- Amma mövsümün ilk yarısında uğursuz çıxışdan sonra çoxları “Bakı”nı hesabı silmişdi.
- Çoxları yox, demək olar hamı.

- Sizcə, dönüş nöqtəsi baş dəyişikliyi idi?
- Komandamızın heyəti pis deyil, futbol oynayanda, heç kəsdən də geri qalmırlar. Bunu da sübut etdilər. Sadəcə, bizdə cari mövsümdə yeni futbolçular çox oldu. Bu, həm yay, həm də qış transfer dövrünə aiddir. Uyğunlaşma üçün vaxt lazım idi. Sizi inandırım ki, hazırda heyətdə olan futbolçuların yanına 3-4 yaxşı oyunçu alıb, gələn mövsümdə uğurlu çıxış edə bilərik. Ancaq əsas məqsədimiz avrokuboklardır. Əgər Avropaya çıxmışıqsa, ora yalnız iştirak üçün yollanmırıq. Çalışacağıq ki, “Bakı”nın adına layiq oyunlar keçirək. İmkan daxilində daha çox irəliyə getməyə çalışacağıq. Bunun alınıb-alınmayacağını zaman göstərəcək.

- Uğurlu çıxış üçün baş məşqçi məsələsindən də çox şey asılıdır. Buna nə vaxt tam aydınlıq gətirəcəksiniz?
- Bilirsiniz, yeni baş məşqçi gətirəcəyiksə, bu, yalnız və yalnız xaricdən olacaq. Əgər bizə azərbaycanlı məşqçi lazımdırsa, hazırda Novruz Əzimov var.

- Ölkə kuboku qazanılacağı təqdirdə, Əzimovun rəsmən baş məşqçi təyin olunması mümkündür?
- Hər şey ola bilər. Ancaq yenə deyirəm ki, “Bakı”ya baş məşqçi gətirsək, bu, Azərbaycandan deyil, xarici olacaq.

- Ancaq son vaxtlar əcnəbi baş məşqçiləriniz uğursuzluqla üzləşdiyindən, bu dəfə seçimdə çox diqqətli olmalısınız...
- Mütləq. Qarşıdan avrokuboklar oyunları gəlir. Yeni futbolçu alsaq, onların uyğunlaşma üçün vaxta, yaxşı təlim-məşq toplanışına ehtiyacı olacaq. Çalışıb, elə seçim etmək lazımdır ki, yanılmayaq, peşmançılığını çəkməyək.

- Son mövsümlərdə “Bakı”da baş məşqçi əvəzlərinin işi uğurlu alınır. 2 il öncə Cüneyt Biçər kuboku qazandı, bu dəfə Novruz Əzimov finala çıxdı...
- Əgər fikrimizi yerli mütəxəssisin olmağı ilə bağlı qətiləşdirsək, hazırda çalışdırıcımız var. Bu zaman başqa yerli məşqçiyə ehtiyacımız olmayacaq, özümüzünkü işinin öhdəsindən gələ biləcək. Düzdür, əcnəbi mütəxəssis bəzi fiziki, taktiki hazırlıqda baş məşqçimizdən artıq bilər. Ancaq komandamızın 2 baş məşqçinin rəhbərliyi altında oyununa nəzər salsaq, fərqli çıxış etdiklərini görərik.

- Artıq yeni transferlə bağlı axtarışlara başlamısınız?
- Bəli, özümüz üçün baxırıq, seçirik. Ancaq hələ konkret ad olmadığından, deyə bilmərəm. “Axsayan” mövqelərimiz var ki, əsasən ora yeni futbolçular gətirməyi düşünürük. Bu, belə götürəndə, müdafiə xəttidir. Elə futbolçular transfer etməyə çalışırıq ki, yanlışlığa yol verməyək.

- Yəqin ki, heyətdə böyük dəyişikliklər olmayacaq...
- Bəli. Elə fikirləşirəm ki, 3-4 yeni futbolçu alacağıq. Çalışacağıq ki, əsas diqqəti yerli transferi bazarına yönəldək, azərbaycanlı futbolçuların transferinə üstünlük verək. Ancaq əgər həmin mövqelərə yerli bazardan futbolçu tapa bilməsək, məcburən legionerə ehtiyac yaranacaq.

- Bəs gedənlər olacaq?
- Ola bilər. Ancaq hələ bu haqda danışmamışıq. Mövsüm hələ bitməyib. Qabaqda Azərbaycan kubokunda final oyunumuz var. Futbolçulara dedim ki, kuboku başımız üzərinə qaldırmaqla, hardasa əfv oluna bilərik. Belə götürək də, artıq finala çıxmışıq, avrokuboka düşmüşük, bu, yetərlidir – yox, belə demək düzgün deyil. Yalnız kuboku qazanmaq sayəsində məqsədimizə çatmış olarıq. Bundan sonra komandadakı mümkün dəyişiklərlə bağlı işlər bilinəcək.

Xəbər 931 dəfə oxundu.