“Barselona” “ulduz” axtarışında
“Barselona” heyətini “Çelsi”nin hücumçusu Didye Droqba ilə gücləndirmək istəyir. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Andoni Zubizaretta 34 yaşlı futbolçunun razılığını almaq üçün yaxın günlərdə onunla görüşməyə hazırlaşır. Öz növbəsində London klubunun rəhbərliyi hazırkı anlaşması bu mövsümün sonunda başa çatacaq Droqba ilə əməkdaşlığı davam etdirmək niyyətində deyil.

2004-cü ildən “Çelsi”də çıxış edən Droqba bu mövsüm Premyer Liqada 27 oyunda 5 qol vurub. Çempionlar Liqasında 7 qarşılaşmada 5 dəfə fərqlənən adıçəkilən futbolçu bu qollardan birinə 1/2 final mərhələsi çərçivəsində “Barselona” ilə oyunda (1:0) imza atıb.

“Atletik”in hücumçusu Fernando Llorente də “Barselona”nın maraq dairəsindədir. Lakin Kataloniya klubu İspaniya yığmasının da formasını geyinən 27 yaşlı futbolçunun keçidini həll etmək üçün “Real”la rəqabətdən qalib ayrılmalıdır.

Bu mövsüm La Liqada 29 oyunda 17, Avropa Liqasında 14 oyunda 7, İspaniya kubokunda isə 5 oyunda 5 qol vuran Llorente özü də karyerasını “Barselona”da davam etdirməyin əleyhinə deyil.

Xəbər 917 dəfə oxundu.