Kempoçularımız dünya çempionatı və kubokunda iştirak edəcəklər
Aprelin 25-dən 27-dək İspaniyanın Qvadalaxara şəhərində kempo İKF üzrə 16-cı dünya çempionatı və dünya kuboku keçiriləcək.

Ölkəmizi yarışlarda Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda nümayəndəsi Rauf İbrahimovun başçılığı ilə kempo yığma komandasının üzvləri Toğrul İbrahimli, Şəmsi Hüseynov, Eynulla Qafarov, Valeh Quliyev, Vüsal Qələndərov, Fərid Əhmədov təmsil edəcəklər. İdmançılar yarışda kempo full, kempo submişn və kempo nokdaun versiyaları üzrə güclərini sınayacaqlar.

R. İbrahimov AZƏRTAC-a verdiyi müsahibədə bu nüfuzlu turnirə komandanın yüksək səviyyədə hazırlaşdığını bildirib: “Turnirdə 80-nə yaxın dövlətdən 1600-ə qədər idmançının iştirakı gözlənilir. Yarışa yüksək səviyyədə hazırlaşmışıq. Azərbaycan Gənclər və İdman Nazirliyi idmançılarımızın hərtərəfli hazırlığı üçün lazımi dəstək göstərib. Ümid edirik ki, komandamız etimadı doğruldub, Vətənə qələbə ilə qayıdacaqlar”.

Xəbər 761 dəfə oxundu.