Astarada yunan-Roma güləşi üzrə zona birinciliyi başa çatıb
Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə Yeniyetmələrin XII Respublika Oyunları proqramına daxil olan yunan-Roma güləşi üzrə 2004-2006-cı il təvəllüdlü idmançılar arasında keçirilən zona birinciliyi başa çatıb.

Dörd gün davam edən zona birinciliyində Cəlilabad, Lənkaran, Masallı, Astara, Neftçala, Lerik, Qubadlı, Sabirabad, Zəngilan rayonlarını və Sumqayıt şəhərini təmsil edən 130 nəfər idmançı 11 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıblar.

Yarışda birinci, ikinci və üçüncü yerləri tutan idmançılar Respublika final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Yaşar Rzayev zona birinciliyində uğur qazanmış idmançıları təbrik edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın, o cümlədən idmanın güləş növünün inkişafı sahəsində görülmüş işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıblar.


Xəbər 1146 dəfə oxundu.