Üçüncü “Raquf Orucov Kuboku turniri” uğurla başa çatdı
Aprelin 17-də əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və digər aprel şəhidlərinin xatirəsinə həsr olunmuş 21 yaşınadək gənclər arasında III “Raquf Orucov Kuboku” beynəlxalq komanda turniri keçirilib. Bakı İdman Sarayında təşkil olunan yarışın əsas məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdən ibarət olub.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” klubunun təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan və Qazaxıstanı təmsil edən 13 klub komandası mübarizə aparıb. Rusiyanı turnirdə Qroznı, Dərbənd və Mahaçqaladan olan komandalar təmsil edib.

Turnirin açılış mərasimində dövlət və hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, veteran hərbçilər, şəhid ailələrinin üzvləri və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Çıxışlardan öncə iştirakçı komandaların paradı olub. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Raquf Orucovun oğlu Aqşin Oruclu yarış iştirakçılarını salamlayaraq turnirin təşkilatçılarına minnətdarlığını bildirib. O, ənənəvi olaraq təşkil olunan turnirə ictimaiyyət tərəfindən böyük maraq olduğunu qeyd edib: “Artıq 3 ildir ki, yarışa dəvət alan xarici idmançılar, Şəhidlər xiyabanını ziyarət edir, Azərbaycan qəhrəmanlarını tanıyırlar. Daha az komanda ilə başlanılan bu turnirə hər il daha çox xarici ölkədən klublar və idmançılar təşrif buyururlar. Bu gənclər arasında əfsanəvi komandir haqqında maarifləndirmə tədbirlərinin ən gözəl yollarından biridir. Əfsanəvi komandir Raquf Orucovun oğlu olaraq bu işlərin qarşısında əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov çıxışında qeyd edib ki, Aprel döyüşləri Azərbaycan ordusunun döyüş əzminin göstəricisi, xalqımızın birliyinin nümayişi idi.

O, vurğulayıb ki, Azərbaycan ordusunun şanlı qələbəsi olan bu tarixi zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. “Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri hər kəs tərəfindən iftixarla xatırlanır, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad edilir. Bu döyüşlər Azərbaycan xalqının birliyinin, dəyanətinin, əyilməzliyinin və mübarizliyinin sübutudur. Ordumuzun əsgər və zabitləri Aprel döyüşlərində böyük hünər və rəşadət göstərərək öz qəhrəmanlıqları ilə tarix yazdılar. Qəhrəmanlar daim bizim qəlbimizdə yaşayacaqlar. Bu gün gənclər arasında təşkil olunan cüdo turniri də bunun bariz nümunəsidir. Bu yarış gənclərdə hərbi-vətənpərvərlik hissinin və döyüş ruhunun aşılanması baxımından çox vacibdir”, - deyə Fərid Mansurov bildirib.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı hərbi-vətənpərvərlik hisslərinin, idmanın və sağlam həyat tərzinin gənclər arasında təbliğində belə turnirlərin əhəmiyyətini yüksək qiymətləndirib:

“2016-cı ilin Aprel döyüşləri Azərbaycan ordusunun ən parlaq qələbələrindən biridir. Aprel döyüşləri həmçinin Azərbaycan xalqının həmrəyliyini göstərdi. Bu döyüşlərdə siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs öz vətəndaşlıq mövqeyini nümayiş etdirdi. Raquf Orucov və onun kimi vətən yolunda şəhid olmuş digər qəhrəmanlarımız heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək. İnanıram ki, Azərbaycan cüdosunun inkişafında atılan növbəti addımlardan biri kimi, bu turnir təşkilatı baxımından yüksək səviyyədə keçəcək”.

Bədii hissə ilə davam edən açılış mərasimindən sonra turnirin final mərhələsinə start verilib.

Əvvəlcə bürünc mükafatlar uğrunda görüşlər keçirilib. Üçüncü yer uğruda həlledici qarşılaşmalarda “Judo Club 2012” II ilə yanaşı, Rusiyanın Qroznı, Mahaçqala və Dərbənd yığmaları qarşılaşıb. Yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin idarəçiliyi ilə keçən görüşlərdə Rusiyanın “Mahaçqala” və “Qroznı” komandaları bürünc medallara layiq görülüb.

Turnirin finalında isə “Judo Club 2012”nin əsas komandası (“Judo Club 2012” I) və Gürcüstanın “Şevardeni” yığması qalib adı uğrunda yarışıb. Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasından sonra Gürcüstan cüdoçuları III “Raquf Orucov Kuboku” turnirinin qalibi

olublar. “Judo Club 2012” I komandası isə ardıcıl üçüncü dəfə ənənəvi turnirin gümüş medalına layiq görülüb.

Xatırladaq ki, 2017-ci ildə ilk dəfə keçirilən “Raquf Orucov Kuboku” turnirinin finalında da Gürcüstan cudoçuları həlledici qarşılaşmada “Judo Club 2012” komandasına qalib gələrək yarışın ilk qalibi olmuşdular.

Xəbər 866 dəfə oxundu.