Cavid Şahhüseyni: “Gələcəkdə olimpiya çempionu olmaq istəyirəm”
Bildiyimiz kimi, bu gün cəmiyyətimizdə aktual mövzulardan biri gənc nəslin təhsil və tərbiyəsidir. Unutmaq olmaz ki, təhsil insanı əqli cəhətdən, idman isə fiziki cəhətdən inkişaf etdirir.

Ölkəmizdə günü-gündən bir çox idman növləri sürətlə inkişaf edir. Belə idman növlərindən biri də cüdodu. Sirr deyil ki, yığma üzvlərimizin beynəlxalq yarışlarda qazandığı uğurlar yeniyetmələrdə cüdoya marağı daha da artırır. 13 yaşlı Cavid Şahhüseyni də belə yeniyetmələrdən biridi. “Neftçi” İdman Klubunda məşqlərə başlayan idmançı bütün uğurlarında ona cüdonun sirlərini öyrədən müəllimləri Emin Həsənov və İlyas Cəlilovun böyük əziyyətləri olduğunu bildirib.

Ölkədaxili yarışlarda iştirak edən Cavid bir çox yarışlarda, habelə - 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 26 fevral “Xocalı” faciəsinə həsr olunmuş turnirlərdə qalib adını qazanıb. 5 yaşından cüdola məşğul olan və özünə tanınmış cüdoçu Rüstəm Orucovu kumir seçən istedadlı cüdoçu atasının yolunu seçməyib. Futbolumuzu dərindən bilənlər Şahin Şahhüseynini daha yaxşı tanıyır. Hətta 2000-ci ildə “Qarabağ”ı çalışdırıb da. Qardaşı Ceyhun da neçə il futbolla məşğul olub. Özünün dediyinə görə, övladının futbolçu olmasını istəyib. Ancaq Cavid cüdonu seçib. Hal-hazırda o, 38 kiloqramda çıxış edir. Sonuncu dəfə “Əhmədli” İdman Klubunun açıq birinciliyində bu çəki dərəcəsində bütün rəqiblərindən üstün olub və birinci yerə layiq görülüb.

İdmanla yanaşı dərslərini də yaxşı oxuyan cüdoçu: “İdmançı karyeramı davam etdirməklə yanaşı, ali təhsil almağı da düşünürəm. Rüstəm Orucov kumirimdi və onu daha çox bəyənirəm. Tez-tez yarışlarını izləyirəm. Mənim ən çox xoşuma gələn yaponların məşqləridir, çünki onlar sürətə daha çox üstünlük verirlər, bizdə isə bori texnikaya. Bu ilin yayında İspaniyada keçirilən beynəlxalq yarışda iştirak edəcəm. İnanıram ki, orada Azərbaycan bayrağını dalğalandıracam. Amma gələcək də olimpiya çempionu olmaq istəyirəm. Valideynlərim mənə daim həm təhsil də, həm də idman da dəstək olurlar”- deyib.

Atası Ceyhun Şahhüseyni övladının ilk yaşlarından idman məşğul olduğundan söhbət açıb: “Oğlum ilk əvvəllər cüdola məşğul olanda fikirləşirdim ki, o fiziki cəhətdən zəifdir. Yəqin ondan uğurlu nəticə gözlənilməz. Amma müəllimi belə gənclərin gələcək də daha potensiallı olduğunu bildirdi. Yarışlarından birində üçüncü yerə çıxdı. Sonrakı yarışlarda isə dalbadal dörd dəfə birinci yerə layiq görüldü. Bu məni həddindən artıq sevindirdi. Özüm idmançı olmuşam. İstərdim ki, övladımın gələcəkdə olimpiya çempionu olsun.”


Xəbər 1345 dəfə oxundu.