Şahmat üzrə Avropa çempionatı: bu gün altıncı turun oyunları keçiriləcək
Aprelin 16-da Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının altıncı turunun oyunları keçiriləcək.

Azərbaycan şahmatçılarından Xanım Balacayeva beş turun nəticəsinə görə komanda üzvləri arasında ən yüksək göstəriciyə malikdir (4 xal). Onu liderlikdən cəmi 0,5 xal ayırır. Digər şahmatçılarımız Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə 3,5, Xəyalə Abdulla, Gülnar Məmmədova, Türkan Məmmədyarova 3, Gövhər Beydullayeva, Fidan Ağasiyeva 2,5, Zeynəb Məmmədyarova və Nərmin Söyünlü 2 xal toplayıblar.

Beş turda 4,5 xal toplayan fransalı Pauline turnir cədvəlinə başçılıq edir.

On bir turdan ibarət yarışda ümumilikdə 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparır. Ölkəmizi yarışda 10 şahmatçı təmsil edir. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534).

Ümumi mükafat fondu 60 min avro olan turnirə aprelin 21-də yekun vurulacaq.

Xəbər 763 dəfə oxundu.