UNEC voleybol komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb
Aprelin 14-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birici Liqa Yarışlarına yekun vurulub.

Final mərhələsində əvvəlcə üçüncü yer uğrunda görüşdə “Xətai” və “Gəncə” komandaları üz-üzə gəliblər. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Xətai” komandası yarışın bürünc medalına sahib olub.

Final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda UNEC 3:0 hesabı ilə üstün gələrək yarışın qalibi adını qazanıb. Həmçinin universitet təmsilçisi Azərbaycan Super Liqasına vəsiqə əldə edib.

Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. UNEC-in rektoru, professor Ədalət Muradov mükafatçıları təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Rektor qeyd edib ki, oyun gərgin və maraqlı şəraitdə keçib: “UNEC komandasını çempionluq münasibətilə təbrik edirəm. Azərbaycan Super Liqasına vəsiqə qazanan UNEC-in heyətinin gücləndirilməsi istiqamətində əlimizdən gələni edəcəyik. İnanıram ki, UNEC növbəti mövsümdə də uğurla çıxış edib azarkeşləri sevindirəcək”.

Mərasimdə Ə. Muradovla yanaşı, Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri Əbülfəz Hüseynov, UNEC-in prorektoru Mikayıl Zeynalov, UNEC-in idman klubunun sədri Mahmud Mustafayev, federasiyanın mətbuat katibi Şəfəq Kərimova və digərləri iştirak edərək qaliblərə medalları təqdim ediblər.

Xəbər 857 dəfə oxundu.