Sərbəst güləş üzrə Avropa çempionatında üçüncü yeri tutan yığma komandamız Vətənə qayıdıb
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş üzrə yığma komandamız aprelin 12-də gecə saatlarında Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda millimizin üzvlərinin təntənəli qarşılanma mərasimi keçirilib. Komandamızı Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri, güləşçilər və mətbuat nümayəndələri qarşılayıblar.

Ənənəvi brifinqdə əvvəlcə Avropa çempionları qələbə ilə bağlı təəssüratlarını bölüşüblər.

Qitə birinciliyində komandamızın aktivinə qızıl medal yazdıran üçqat dünya və Avropa çempionu Hacı Əliyev deyib: “Güclü rəqiblərlə qarşılaşdım. Erməni güləşçi üzərində qələbəmi xüsusi qeyd etmək istərdim. Ümumiyyətlə, komandamız yaxşı çıxış etdi. Çünki yarışa tam hazır idik. Ağahüseyn Mustafayev neçə illərdir bu medalın həsrətində idi. Nəhayət ki, böyüklər arasında Avropa çempionatında da sözünü dedi. Bu yarış apreldə keçirildiyindən qələbəmi şəhidlərimizə və onların valideynlərinə həsr edirəm. Sözsüz ki, əsas hədəf Olimpiya çempionluğudur. Ancaq bunadək dünya çempionatında yaxşı çıxış edib, Olimpiadaya lisenziya qazanmalıyam”.

Son illər Olimpiada, dünya və Avropa çempionatlarında qalib ola bilmədiyini və 2-3-cü yerləri tutduğunu diqqətə çatdıran Cəbrayıl Həsənov deyib: “Bu çempionatda yalnız titulu hədəfləmişdim. Yarışa yaxşı hazırlaşmışdıq. Federasiya rəhbərliyi yüksək səviyyədə təlim-məşq toplanışı keçməyimiz üçün hər cür şərait yaratmışdı. Çox şükür ki, ümidləri doğrultduq”.

Qitə çempionu olan digər güləşçimiz Şərif Şərifov isə turnirdəki çıxışı barədə danışarkən deyib: “2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında debüt etmişdim. Dördüncü cəhdimdə qızıl medal qazana bildim. Məşqçilərimizə minnətdarlığımı bildirirəm ki, Avropa çempionatına yüksək formada yollanmağımız üçün əllərindən gələni etdilər. Bir müddət istirahət etdikdən sonra növbəti yarışlar, o cümlədən dünya çempionatına hazırlıq barədə fikirləşəcəyik”.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov komandamızın bu uğurunu böyük qələbə adlandıraraq bildirib ki, güləşçilərimiz çempionatda əsl əzmkarlıq nümayiş etdirdilər. Üç il əvvəl Aprel döyüşlərində şəhidlər verdik, qazilərimiz oldu. Biz şəhid ailələri ilə görüşəndə söz vermişdik ki, qələbələrimizlə onları sevindirəcəyik. Belə də oldu. 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq, komanda hesabında üçüncü yeri tutduq. Ölkəmizin uğurlarına qısqanclıqla yanaşan bəzi qüvvələr Azərbaycanda idmanın inkişafda olduğunu bir daha gördü. Bizi daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə təşəkkür edirəm. Qələbəmizi həm də 10 milyonuncu vətəndaşımıza həsr edirik.

“Buxarestdə federasiyamızın rəhbəri Namiq Əliyev Dünya Güləş Birliyinin (UWW) rəhbər şəxsləri ilə məhsuldar görüşlər keçirib, gələcək planlar müzakirə olunub. Bu yarışda medalsız qalan güləşçilər ruhdan düşməməlidirlər. Çox çalışmaq lazımdır. Başda Saypulla Absaidov olmaqla, bütün məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Bu il bizi ikinci Avropa Oyunları və dünya çempionatı gözləyir. İnanıram ki, bu məsul yarışlarda da uğurlu çıxış edəcəyik”, - deyə F.Umudov əlavə edib.

Yığmanın baş məşqçisi Saypulla Absaidov Avropa çempionatına çox yaxşı hazırlaşdıqlarını vurğulayaraq deyib: “Komandamızın liderləri - kapitan Cəbrayıl Həsənov və Hacı Əliyev karyeralarında üçüncü dəfə Avropa çempionu adını qazandılar. Şərif Şərifov isə dünya çempionatı və Olimpiya Oyunlarından sonra qitə birinciliyində də qalib olmaqla medal kolleksiyasını tamamladı. Ağahüseyn Mustafayev çempionluğun bir addımlığında mübarizəni dayandırdı. Gənc güləşçilər də yaxşı çıxış etdilər. Xüsusən Mahir Əmiraslanov əla güləşdi. Nurməhəmməd Hacıyev hər yarışda peşəkarlığını artırır. Onun dünya çempionatına qədər tam hazır olacaq. Bizə yaxşı hazırlıq üçün mükəmməl şərait yaradan, problemlərimizi həll etməyə çalışan federasiya rəhbəri Namiq Əliyevə, daim yanımızda olan və dəstəyini əsirgəməyən vitse-prezident Firdovsi Umudova təşəkkür edirəm”.

Xəbər 899 dəfə oxundu.