Kikboksinq üzrə muxtar respublika birinciliyinə yekun vurulub
“Naxçıvan Muxtar Respublikası - 95” devizi altında kikboksinq üzrə kadetlərarası muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib.

Şərur rayonunda keçirilən birincilikdə idmançılar 3 yaş qrupu üzrə 18 çəki dərəcəsində 60-dan çox idmançı mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi birinciliyin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Kikboksinq Federasiyasının sədr müavini Tahir Məmmədlinin çıxışları olub.

Bildirilib ki, bu gün muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gəncləri idmana cəlb etmək üçün müasir idman infrastrukturu yaradılıb, maddi-texniki baza gücləndirilib və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilib.

Sonra yarışlara start verilib. Yarışın yekun nəticəsinə əsasən, 8-10 yaşlı idmançılar arasında Uğur Məmmədli, Fərman Bağırov, Sadiq Kərimov, Oğuz Məmmədli və Səid Abbaslı öz çəki dərəcələrində qalib adını qazanıblar.

10-13 yaşa qədər (kik-layt) idmançıların mübarizəsində isə Elton Fərzəliyev, Sinan Kazımov, Hüseyn Həsənov, Raiq Rəcəbli, Səhət Əsədov və Zeynalabdin Musayev öz çəki dərəcələrində bütün rəqiblərini üstələyiblər.

Azər Zamanlı, Şəmsəddin Əliyev, İsmayıl Yaqubov, Elton Səfərli, Fərid Məhərrəmov, Onur Əlizadə və İldırım Tarverdiyev isə 13-15 yaşlı kadetlər arasında muxtar respublika birinciliyinin qalibi olublar.

Qızların mübarizəsində Duyğu Hüseynova qalib adını qazanıb.

Sonda qaliblərə təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Xəbər 790 dəfə oxundu.