Müsabiqənin qaliblərini Macarıstan səyahəti gözləyir
Bakı Şəhər Halqası Əməliyyatı Şirkəti (BŞH) 26-28 aprel tarixlərində növbəti dəfə baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində fəaliyyət göstərən könüllülər arasında müsabiqə keçirir. Əməliyyat şirkətləri qalibləri 2-4 avqust 2019-cu il tarixində keçiriləcək Macarıstan Qran Prisinə göndərəcək.

Səfər zamanı könüllülər Macarıstanda baş tutacaq Formula 1 yarışını canlı izləməklə yanaşı sözügedən yarışın təşkilatçıları ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar. Könüllülərin səyahət, qonaqlama və yarışda iştirakla əlaqədar bütün xərcləri əməliyyat şirkəti tərəfindən qarşılanacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Qran Prisi zamanı fəallığı ilə seçilən könüllüləri mükafatlandırmaqdır.

Müsabiqə zamanı könüllülərin fəaliyyəti əsasən 3 istiqamət üzrə qiymətləndiriləcək: könüllülük fəaliyyətinə dair tədbirlərdə iştirak, yarış zamanı göstərilən fəallıq və bütün mərhələlər üzrə keçirilən ümumi imtahan. Bütün meyarlardan ümumilikdə ən yüksək nəticə əldə edən könüllülər müsabiqənin qalibi sayılacaqlar.

Xəbər 868 dəfə oxundu.