“Sumqayıt” Futzal Məktəbi fəaliyyətə başlayıb
“Sumqayıt” Futzal Məktəbinin açılışı olub. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində 60-a yaxın gənc futzalçı iştirak edib.

Tədbirdə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri Abdulla Məmmədov, Telman Salahov, Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin rəisi Elgün Hümbətov, futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva, milli komandamızın üzvləri Rizvan Fərzəliyev və Vitali Borisov iştirak ediblər.

Tədbiri açan Riad Rəfiyev “Sumqayıt” Futbol Akademiyasının yeni mərhələyə qədəm qoyduğunu bildirib. Premyer Liqa komandaları arasında ilk futzal məktəbinin məhz “Sumqayıt” futbol klubu tərəfindən yaradıldığını vurğulayan R.Rəfiyev futzal məktəbi ilə yanaşı, uşaq futbolunun inkişafı istiqamətində də bir sıra layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Əlamətdar hadisə ilə bağlı təbriklərini çatdırdan Elgün Hümbətov 70 illiyini qeyd etməyə hazırlaşan Sumqayıtın idman və idmançılar şəhəri olduğunu, əhalinin idmanın hər bir növünə maraq göstərdiyini, “Sumqayıt” futbol klubunun həyata keçirildiyi layihələri alqışladığını söyləyib.

Rəsmi hissə yekunlaşdıqdan sonra qonaqlar “Sumqayıt” Futzal Məktəbinin məşqini izləyiblər.

Xəbər 746 dəfə oxundu.