Rafaella Kalloni: Bakı gündüzlər Dubayı, axşamlar Neapolu xatırladır
“Bakıda 2 şeyə yaxşı mənada təəccübləndim”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Bakı”nın voleybolçusu Rafaella Kalloni deyib. İtaliya mətbuatına müsahibəsində ölkəmizdə keçirdi mövsümü şərh edən Kalloni, eyni zamanda Bakının gözəlliyindən və xalqımızın qonaqpərvərliyindən danışıb:

“Birincisi, böyük şəhər, iri tikintilər, yeni binalar məni təəccübləndirdi. Mərkəzdə inanılmaz gözəllik var. Şəhərin müasir hissəsi Xəzər dənizinə baxır. Haradasa Bakı Dubayı xatırladır. Orada “İçərişəhər” var ki, onun tarixi XII əsrdən başlayır və YUNESKO tərəfindən qorunur. İkincisi, insanları məni yaxşı mənada valeh etdi. Azərbaycan xalqı çox güclü qonaqparvərliyə malikdir. Hətta onlar sənin dilini başa düşməsə belə, öz insanlıqlarını göstərirlər. Orada Azərbaycan və rus dillərində danışırlar. Mən isə yalnız öz dilimizdən əlavə, ingilis dilini bilirəm”.

Azərbaycan Super Liqasında bürünc mükafata sahib olduğu “Bakı”nın çıxışına toxunan legioner burada da gördüklərindən razı qalıb: “Klubumdan çox razıyam. “Bakı” yeni yaransa da, çox tez inkişaf etdi. Ancelo Vercesinin rəhbərliyi altında “Çelenc Cup”ın finalında oynadıq, güclü Super Liqada “Rabitə” və “Lokomotiv”dən sonra üçüncü yeri tutduq. Bakı isə axşamlar Neapolu xatırladır. Orada nahar və şam yeməklərini xoş və rahat məkanlarda edirdik. Mən Bakıda özüm üçün dadlı Azərbaycan mətbəxini kəşf etdim. Bir sözlə, orada hər dəfə nəsə yeni şeylər öyrəndim”.

Voleybolçu Bakıda olduğu zaman vətəni üçün darıxdığını da etiraf edib: “Azərbaycanda 2 şeyə görə darıxırdım. Birincisi, ailəm idi. Ancaq xoşbəxtlikdən texnologiya onları əlçatmaz etmirdi. İkincisi, Azərbaycan müsəlman ölkəsi olduğundan burda donuz əti yeyilmir. Mən də müəyyən müddət gətirdiyim azuqədən istifadə etdim. Mən bir italiyalı kimi kofe həvəskarı deyiləm. Onun əvəzinə Azərbaycanda əla bir içkidən istifadə etdim. Bu, çaydır. Ondan ötrü ölürəm”.

Xəbər 1072 dəfə oxundu.