Azyaşlı stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinə yekun vurulub
2004-cü il təvəllüdlü və azyaşlı tennisçilər arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

Turnirdə qızların qoşa yarışlarında Ləman Abdülhəmidova-Fidan İranpur dueti birinci yeri tutub. Zemfira Mikayılova-Xədicə Əbilzadə cütlüyü ikinci, Arzu Aslanova-Mərziyyə Nürmətova dueti isə üçüncü yerə layiq görülüb. Oğlanların qoşa yarışlarında isə ilk üçlükdə Kənan Pənahov-Xaliq Becanov, Emin Məmmədov-Rüstəm Hacılı, Hüseyn Eylazov-Toğrul Məhəmmədov qərarlaşıblar. Qarışıq qoşa yarışlarda Kənan Pənahov–Ləman Abdülhəmidova, Emin Məmmədov–Səbinə Məmmədova, Hüseyn Eylazov–Fatimə Cəfərova fəxri kürsüdə yer alıblar.

Qızların şəxsi yarışlarında Mərziyyə Nürmətova, Ləman Abdülhəmidova və Arzu Aslanova ilk üç yerə sahib olub. Oğlanların şəxsi mübarizəsində isə Emin Məmmədov, Kənan Pənahov, Adil Əhmədzadə fərqləniblər.

Komanda yarışlarında isə oğlanlar arasında “Bakı 1” komandası fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. “Bakı 2”, “Sumqayıt 1” komandaları isə ikinci və üçüncü yerləri bölüşüblər. Qızların mübarizəsində “Şəki” komandası birinci yerə layiq görülüb. “Sumqayıt 1” və “Sumqayıt 2” komandaları sonrakı iki pillədə yer alıblar.

Ölkə birinciliyinin bağlanış mərasimində Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov qalib və mükafatçıları təbrik edib.

Fəxri kürsüdə yer alan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları, federasiyanın medal, kubok və mükafatları təqdim olunub.

Xəbər 1012 dəfə oxundu.