Futzal üzrə Yüksək Liqada XXIV turun oyunları keçirilib
Futzal üzrə Yüksək Liqada XXIV turun oyunları keçirilib.

İlk matçda lider “Araz” autsayder “Yasamal” İSK ilə üz-üzə gəlib.

“Araz”ın böyükhesablı qələbə qazanacağı gözlənilən idi. Elə fasiləyədək vurulan qollar da proqnozu doğruldub. “Yasamal” İSK 4 dəqiqə dözüb. Sonra təcrübəli “Araz” qolları sıralayıb. Düzdür, “Yasamal” İSK hesabda göründüyü kimi mübarizəsiz təslim olmayıb. Debütant imkanları daxilində müqavimət göstərib. Hesabın gətirdiyi rahatlıq, eləcə də autsayderin irəli atılması fərqin 7 topa enməsinə yetib. Sonrakı dəqiqlərdə “Araz” topa nəzarət edən və hücumlar quran tərəf olsa da, rəqib torunu 33-cü dəqiqədə silkələyib. Beləliklə, görüş “Araz”ın 12:3 hesablı üstünlüyü ilə başa çatıb.

Turun mərkəzi oyununda EKOL “Xəzər Cənub”la qarşılaşıb. Hər iki komanda demək olar, meydana optimal heyətlə çıxıb. EKOL-dan yalnız Ramiz Çovdarov cəzalı olduğuna görə matçı buraxıb. Geridə qalan 3 oyunda isə EKOL 4:3, “Xəzər Cənub” isə 5:2 hesabı ilə qələbə qazanmışdı. İkinci dövrədəki duel isə 3:3 hesabı ilə yekunlaşmışdı. Oyuna EKOL fəal başlayıb və ilk ciddi hücumda rəqib torunu silkələyib. Fərid Atakişiyev fərqlənib. Sonrakı dəqiqələrdə nominal meydan sahibləri nisbətən üstün oynasa da, Lənkəran təmsilçisi status-kvonu bərpa edə bilib. Şahnazi Eminin də inamsız oynadığı epizodda bərabərliyə nail olunub. Az sonra kobud oyununa görə hakim EKOL-un qapısına penalti təyin edib. İsaq Surqalı dəqiq oynamaqla komandasını hesabda önə çıxarıb. “Xəzər Cənub” üstünlüyü 2 topa çatdıra bilərdi. Ancaq 16-cı dəqiqədə təyin olunmuş 10 metrlik zərbəni Emin Kürdov geri qaytarıb. O, Hamid Rəşidinin də təkrar zərbəsini zərərsizləşdirməyi bacarıb. Həmin dəqiqədə nominal qonaqlar üstünlük qazanıb və penaltini qola çevirib. On yeddinci dəqiqədə bu dəfə EKOL-un üzvü Radik Əhmədov 10 metrlik fürsətdən toru silkələyə bilməyib. R.Əhmədov az sonra oxşar vəziyyəti də boşa verib. İkinci hissədə “Xəzər Cənub” üstünlüyünü 2 topa çatdırıb. Behzad Şebli baxımlı qol vurmaqla adını tabloya yazdırıb. Bundan sonra EKOL rəqibini təzyiq altında saxlasa da, 35-ci dəqiqədə fərqi minimuma endirib. Təcrübəli Namiq Məmmədkərimov 39-cü dəqiqədə hesaba tarazlıq gətirib. Ancaq son dəqiqədə 2 qol vuran debütant rəqibi üzərində mövsümdə ikinci qələbəsini qazanıb – 5:3.

Tura liderin ən yaxın izləyicisi “Neftçi” və aşağı pillədə qərarlaşmış “Liman”ın qarşılaşması ilə yekun vurulub. Böyük hesablı qələbə “Neftçi”yə mövqeyini qorumaq imkanı yaradıb – 23:2.

Hesabında 49 xal olan “Araz” turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Neftçi” 46 xalla ikinci, “Xəzər Cənub” isə 42 xalla üçüncü yerdədirlər.

Xəbər 868 dəfə oxundu.