Qırğızıstanda yaşayan soydaşlarımızın “Azəri” komandası mini futbol turnirinin qalibi olub
Bişkekin Kaba uulu Kojomkul adına İdman Sarayında bu ölkədə yaşayan xalqların diaspor təşkilatlarının komandaları arasında Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun dəstəyi ilə mini futbol turniri keçirilib.

2010-cu ildə bu ölkədə baş verən Aprel inqilabı qəhrəmanlarının xatirəsinə həsr olunan turnirdə 17 komanda mübarizə aparıb. Turnirdə Azərbaycan diasporunu “Azəri” komandası təmsil edib.

İlkin mərhələdə uğurla çıxış edən “Azəri” komandası turnirin finalına yüksəlib. Həlledici oyunda “Azəri” komandası Qırğızıstanın Dunqan Assosiasiyasının “Aleks” komandası ilə qarşılaşıb. Rəqibini 1:0 hesabı ilə məğlub edən “Azəri” komandası turnirin qalibi adını qazanıb.

Qırğızıstan Xalq Assambleyasına daxil olan yeganə azərbaycanlı legitim diaspor təşkilatı “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev qələbəni şərh edərkən deyib: “Komandamız bir neçə il bundan əvvəl yaradılıb. Biz idmana, xüsusilə mini-futbola mümkün qədər daha çox həmyerlimizi cəlb etməyə çalışırıq. Komandamız turnirə çox ciddi hazırlaşmışdı”.

“Azəri” komandasının üzvlərinə kubok, medal, diplom və pul mükafatını Qırğızıstanın Prezident Aparatı rəhbərinin birinci müavini Almaz Kenenbayev təqdim edib.

Turnirdə “Ən yaxşı oyunçu” nominasiyasında da qalib adına “Azəri” komandasının təmsilçisi layiq görülüb.

AZƏRTAC

Xəbər 836 dəfə oxundu.