Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin açılış mərasimi olub
Aprelin 2-də Bakıda stolüstü tennis üzrə azyaşlı idmançılar arasında start götürən Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.

O, son illər ölkəmizdə stolüstü tennisin daha da kütləviləşməsi və inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, turnirin azyaşlıların idmana marağının artmasında əhəmiyyətini qeyd edib. F.Məmmədov, həmçinin bu idman növü üzrə bir sıra nailiyyətlərin əldə edildiyini vurğulayıb. Bildirib ki, stolüstü tennisçilərimiz 4 beynəlxalq turnirdə 12 medal qazanıblar.

Yarışlar federasiyanın idman zalında aprelin 4-dək davam edəcək. Şəxsi və komanda xarakteri daşıyan turnirdə respublikanın müxtəlif bölgələrindən 27 komandanın tərkibində 100-ə yaxın idmançı mübarizə aparır.

Xəbər 980 dəfə oxundu.