Astarada “Sərhəd” hərbi idman oyunlarının rayon turu başa çatıb
Astara Olimpiya İdman Kompleksində və Astara Sərhəd Komendantlığında keçirilən “Sərhəd” hərbi idman oyunlarının rayon turu başa çatıb. Hərbi idman oyunları Dövlət Sərhəd Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq, Lənkəran Sərhəd Dəstəsi, Astara Rayon Təhsil Şöbəsi, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Yarışın açılış mərasimində çıxış edən Lənkəran Sərhəd Dəstəsinin şöbə müdirinin müavini, polkovnik-leytenant Hacı Əliyev, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rayon Təhsil Şöbəsinin çağırışaqədər hazırlıq üzrə baş metodisti Rasim Cəfərov, Lənkəran Sərhəd Dəstəsinin şəxsi heyət üzrə şöbəsinin ictimaiyyətlə əlaqələr bölməsinin baş zabiti, mayor Samir Sadıqov məktəbli gənclərə hərbi idman oyunlarında uğurlar arzulayıblar.

Yarışda Astara şəhər 2, 3, 5, 6, 7 nömrəli və Səncərədi kənd tam orta məktəbin komandalarını təmsil edən 30 şagird qələbə uğrunda mübarizə aparıb.

Məktəblilər “Sıra hazırlığı”, “Kəndir dartma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi”, “Avtomatın sökülməsi və yığılması”, “Süni nəzarət iz zolağının yaradılması”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili ” mərhələləri üzrə qüvvə və bacarıqlarını sınayıblar.

Yarışın yekun nəticələrinə əsasən Astara şəhər 2 nömrəli tam orta məktəbin komandası birinci, şəhər 5 nömrəli tam orta məktəbin komandası ikinci, şəhər 3 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.

Fəxri yerləri qazanan və fərqlənən komandalara rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

“Sərhəd” hərbi idman oyunlarının rayon turunun qalibi - şəhər 2 nömrəli tam orta məktəbin komandası apreldə Lənkəran şəhərində keçiriləcək respublika zona turunda Astaranı təmsil edəcək.

Xəbər 653 dəfə oxundu.