“Neftçi” yenə çempiondur
Builki çempionat da əvvəlki kimi, əvvəlcədən sonu bəlli olanlardan keçdi. Çünki həm mövsümə hazırlıq, həm yarışın ilkin mərhələsi, həm dövrələrarası fasilə, həmdə final mərhələsində “Neftçi”yə heç yaxın düşən də olmadı. Əksinə, klublar gah süni, gah da təbii, bir sözlə, ənənəvi özünəməxsus qanunauyğunluqlarla mübarizədən kənarlaşdılar.

Daha doğrusu, özlərini kənarlaşdırdılar. Aydın məsələdir, bu ifadələrdə hansısa qəsd və ya düşünülmüş plandan söz getmir. Axı, qeyd etdiyimiz vəziyyət, sadəcə, klublarımızın artıq xislətinə və ya xasiyyət tərzinə çevrilib. Elə buna görə də “Neftçi” budəfəki natamam, yəni sonu 5 rəqəmi ilə bitən növbəti yubileyini çempionluq tağından keçməklə qeyd edir. Ölkənin ən titullu klubu hələ, üstəlik, qazandığı nailiyyətlər sırasına daha birini - ölkə kubokunu da əlavə etməyə çox yaxındır. Axı, oyun planında onu final rəqibi ilə müqayisə etmək olmaz. Hərçənd onu da etiraf edək ki, finalın da öz qanunauyğunluqları, qəribəlikləri və təzadları olur.

“Ağ-qaralar” budəfəki zirvəyə ən prinsipial rəqiblərindən olan “Qarabağ”la görüşdə nail olmaqla, təntənəsinə şirinlik də qatmış oldu. Hərçənd bu məğlubiyyətlə “Qarabağ” onsuz da “Bakı” ilə üçoyunluq “kubok-çempionat” duelində düşdüyü çətin durumu bir qədər də ağırlaşdırdı. İndi komanda özündən çox, rəqiblərinin itirəcəyi xalları düşünməlidir. Daha doğrusu, “Qarabağ”ın birbaşa rəqibi “İnter” sayılmalıdır. Elə buna görə də qarşıdakı tur bu iki klubun tet-a-tet mübarizəsini finala bərabər saymaq olar. Çünki qarşıdakı iki oyunu doğma divarlar arasında keçirəcək “Xəzər Lənkəran”a, ən pis halda, “Qarabağ”a uduzmamaq lazımdır. Ağdamlıların isə “İnter”ə və ardınca, lazım gələrsə, “Xəzər Lənkəran”a qalib gəlməkdən başqa çarəsi yoxdur.

Qarşıdakı tur “Qarabağ” özü qalib gəlib, “İnter”in məğlubiyyətinə və ya son turda xal itkinsinə bel bağlamalıdır. Hələ üstəlik, bu halda, Lənkəranda da uduzmamalıdır. Yox, “İnter” gələn matçda heç-heçəyə nail olarsa, “Qarabağ” son oyunda qalib gəlib, “İnter”in məğlubiyyətini gözləməlidir. Bütün sualların erkən çözülməsi üçün “İnter” elə gələn tur “Qarabağ”ı məğlub etməlidir.
Çempionatın son mərhələsinə qədəm qoyarkən, hər iki komandanın sönük oyununu nəzərə alsaq, məncə, qarşıdakı matçı “passivlər görüşü” də adlandırmaq olar. Əfsuslar olsun ki, klubların bu vəziyyəti onların, ənənə üzrə, lazım olan tədbirləri vaxtında görməməsindən irəli gəlir. Bir var, mübarizə aparıb itirmək, bir də var özünü itirə-itirə qazanmaq. Məhz ikinci yolla gedən hər iki komanda ən vacib görüşlərdə doğru-dürüst oyun göstərə bilmədilər. “İnter”lə müqayisədə, “Qarabağ”ın daha çox nüfuzu var. Axı, bu komandanın son 3 ildə Avropada ən yaxşı nəticələrimizə nail olan heyəti var. İndiki vəziyyətdə “İnter”in mərhələdən-mərhələyə adlaması, sadəcə, sürpriz sayılacaq. “Qarabağ”dan isə yenə də, ən azı, 2-3 mərhələ tələb olunacaq. Elə azarkeş ordusunun sayına görə də ağdamlıların daha çox dəstəyi olacağı məlumdur. Bundan savayı, ad məsələsini də unutmaq olmaz. “Qarabağ” kəlməsi hər bir azərbaycanlı üçün daha doğmadır və bu adın Avropada “Azərbaycan” kəlməsi ilə paralel səslənməsinin də öz yükü var. Bir sözlə, qarşıdakı oyunda “İnter” ikiqat təzyiq altında meydana çıxacaq.

Aşağı zonada da, ilk baxışda, hər şey aydındır. “Turan” elitada qalmaq üçün mübarizəyə qoşulmağa daha real namizəddir. “Sumqayıt”ın birbaşa aşağı diviziona yuvarlanması üçün “Turan”ın qərb derbisində qalib gəlməsi və ya “Sumqayıt”ın xal itirməsi yetərlidir. Ancaq vəziyyət nə qədər qənaətbəxş olsa da, erkən qərar vermək hələ də tezdir. Çünki autsayderlərin iki tura 6 xal itirməsi elə də böyük gözlənilməzlik olmazdı və buna görə də daha bir turun nəticəsini gözləməyə dəyər.

BATI YAR, “İdman” qəzeti

Xəbər 899 dəfə oxundu.