Azərbaycan güləşçiləri Dünya Seriyası turnirində uğurla çıxış ediblər
Portuqaliyanın Çaves şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçirilib.

Ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə 4 güləşçi təmsil edib. Pənah İlyaslı (70 kq) portuqaliyalı Nuno Enrike Lopes Fraqa, braziliyalı Joao Viktor Dos Santos Silva, rumıniyalı Stefan Yonut Koman və yunan Niko Aruzmanidisə qalib gələrək finala yüksəlib. Son görüşdə gürcü Levan Kelexşaşviliyə uduzan həmyerlimiz gümüş medalla kifayətlənib. İbrahim Yusubov (80 kq) da finalda büdrəyib. Güləşçimiz iranlı Omid Şabanali Jelodar, rumıniyalı Vasile Madalin Minzala, portuqaliyalı Edmilson Brito Qomes və yunan Georgios Kuluçidisi üstələsə də, son qarşılaşmada gürcü Davit Xutsişviliyə məğlub olaraq ikinci yeri tutub. Kənan Əliyev (90 kq) türk Murat Özkana qalib gəlsə də, Yunanıstan güləşçilərinə - Xristos Samartsidis və Qriqorios Kriaridisə uduzaraq fəxri kürsüdən kənarda qalıb. Oyan Nəzəriani (+90 kq) ispan Xose Kuba Vaskesə, Gürcüstan təmsilçisi Rolandi Andriadzeyə, türk Baki Şahinə və yunan Yannis Karqiotakisə gücünü göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, yığmamız Portuqaliyada 1 qızıl və 2 gümüş medala sahib olub. Növbəti analoji yarış mayın 10-11-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Xatırladaq ki, bu yarışlar oktyabrda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına lisenziya xalları verir.

Portuqaliyada keçirilən turnirdə beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.

Xəbər 700 dəfə oxundu.