Karateçilərimiz İspaniyanın Quadalaxara şəhərində keçirilən Avropa çempionatında mübarizəni davam etdirirlər
Azərbaycan karateçiləri İspaniyanın Quadalaxara şəhərində keçirilən 54-cü Avropa çempionatında mübarizəni davam etdirirlər. Martın 28-də start götürən yarışların birinci günü komandamız üçün uğurlu olub. Milli komandanın lideri Rafael Ağayev (75 kq) qitə çempionatının finalına yüksəlib. Martın 30-da həlledici görüşdə R.Ağayevin rəqibi Luici Busa (İtaliya) olacaq.

Qitə çempionatının ikinci günündə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata millisinin rəqibləri Portuqaliya, İtaliya, Monteneqro və İspaniya karateçiləridir. Komanda hesabında kumite yarışında Rafiz Həsənov, Rafael Ağayev, Ayxan Mamayev, Asiman Qurbanlı, Şahin Atamov, Turqut Həsənov və Pənah Abdullayevdən ibarət heyət belaruslu idmançılarla döyüşlərə start verəcəklər. İlahə Qasımova, Fəridə Abiyeva, İrina Zaretska və Fəridə Əliyeva komanda yarışlarında ilk mübarizəni Polşa karateçilərinə qarşı aparacaqlar.

Qitə çempionatının açılış mərasimində parakarateçilərin yarışı olacaq. Azərbaycanı bu yarışlarda dünya ikincisi Sahib Əhədov təmsil edəcək.

Daha üç karateçimiz bürünc medal uğrunda mübarizə aparacaq. Asiman Qurbanlı (+84 kq) Rizvan Talıbov (Ukrayna), Nuranə Əliyeva (50 kq) Yelena Milivoyçeviç (Serbiya), Roman Heydərov (kata) isə İlya Smorquner (Almaniya) ilə tatami üzərinə çıxacaq.


Xəbər 1173 dəfə oxundu.