“İdman Qadınlar üçün! Qadınların həyatında! Qadınlarla birgə!”

Ötən həftə Azərbaycan Milli Olimpiya Komitəsi Bərdə şəhər Gənclər və İdman idarəsi, həmçinin Təhsil şöbəsinin dəstəyi ilə Bərdə Olimpiya İdman Mərkəzində “İdman Qadınlar üçün! Qadınların həyatında! Qadınlarla birgə!” layihəsi çərçivəsində növbəti Oyun Festivalını təşkil edib. Festivalda Milli Olimpiya Komitəsinin, Bərdə şəhər Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və aidiyyatı digər idarələrin, həmçinin yerli şirkət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
“İdman Qadınlar üçün! Qadınların həyatında! Qadınlarla birgə!” layihəsi Beynəlxalq və Avropa Olimpiya Komitələrinin, həmçinin Bakcell və Coca-Cola şirkətlərinin maliyyə və texniki dəstəyi ilə həyata keçirilir.
Əsasən şən, inklusiv və təhlükəsiz idman hərəkətlərindən ibarət Oyun Festivalı “İnkişaf Naminə İdman” və Milli Olimpiya Komitəsindən olan mütəxəssislərin köməkliyi ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, həmçinin akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydən olan fiziki tərbiyə müəllimləri tərəfindən tərtib edilib. Festivalın keçirilməsində əsas məqsəd Olimpiya hərəkatı və Olimpiya dəyərlərini təbliğ etmək, o cümlədən Oyunların ruhlandırıcı gücündən istifadə etməklə insanların, xüsusilə qadın və qızları idman və bədən tərbiyəsindən kütləvi və mütəmadi istifadə etməyə həvəsləndirmək idi.
Şən, inklusiv və təhlükəsiz oyunlardan ibarət hər bir nömrə Olimpiya idman növləri (futbol, basketbol və s.) əsasında hazırlanıb. Oyun Festivalında yuxarıda qeyd olunan təhsil ocaqlarından 3 komandada 36 qız yarışırdı. Ümumilikdə festivalın həm idman həm də bədii-əyləncəli hissəsinin təşkilində 50 nəfərdən artıq şagird iştirak edib. Komandaları iştirakçı məktəblərdən gəlmiş 200-ə yaxın azarkeş dəstəkləyirdi.
Festivalı giriş sözü ilə Milli Olimpiya Komitəsinin məsul işçisi cənab Vaqif Əliyev açaraq hazırda dünyada geniş vüsət alan və sürətlə inkişaf etməkdə olan Olimpiya hərəkatından və Olimpiya dəyərlərindən danışdı. Sonra söz alan Bərdə şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Aydın Qasımov bu kimi tədbirlərin xüsusi əhəmiyyətini vurğulayaraq belə təşviqedici tədbirlərin uşaqların və gənclərin idman ruhu ilə tərbiyə edilməsində mühüm rol oynadığı bildirib. Sonda Bakcell şirkətinin Bərdə regionu üzrə nümayəndəsi Elyar Məmmədov çıxış edərək belə maraqlı və faydalı tədbirin təşkili üçün Milli Olimpiya Komitəsinə və təşkilatçı məktəblərə minnətdarlığını bildirdi. Onun sözlərinə görə Bakcell şirkəti Azərbaycanda bir çox idman yönümlü idman layihələrini dəstəkləyir və bu layihələr vasitəsilə ölkədə idmanının inkişafına və kütləviləşməsinə öz töhfəsini verməkdən qurur hissi duyur.
Tədbirin sonunda məktəbliləri Milli Olimpiya Komitəsi adından təltif edən V.Əliyev bu yarışda idman və dostluğun qalib gəldiyini söyləyib. Odur ki, Oyun Festivalında uduzan komanda olmadı, çünki şagirdlər rəqabət naminə deyil, şənlənmək, maariflənmək və həvəslənmək məqsədi ilə yarışıblar. Yekunda iştirakçılarla xatirə şəkli çəkdirdikdən sonra hamıya Bakcell şirkətinin hədiyyələri paylanıb.

Xəbər 1579 dəfə oxundu.