Karate üzrə milli komandamız Avropa çempionatında mübarizə aparır
Karate üzrə böyüklərdən ibarət milli komandamız martın 28-də İspaniyanın Qvadalaxara şəhərində start götürən 54-cü Avropa çempionatında mübarizəyə qoşulub.

Azərbaycan komandasının tərkibində 19 idmançı həm fərdi, həm də komanda yarışlarında tatami üzərinə çıxacaq.

Kişilərin fərdi yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (+84 kq) gücünü sınayır. Qadınlardan isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparırlar. Komanda yarışlarında Şahin Atamov, Turqut Həsənov və Pənah Abdullayev çıxış edirlər.

Kata üzrə fərdi yarışlarda Roman Heydərov, parakarate yarışında Sahib Əhədov, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət mübarizə aparır.

Avropa çempionatında 51 ölkədən 508 idmançı iştirak edir. Karateçilər hər qələbə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, Olimpiya və Avropa oyunlarına vəsiqə əldə etmək uğrunda reytinq xalları qazanmağa çalışacaqlar.

Yarışların idarə olunmasında beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev də iştirak edirlər.

AZƏRTAC

Xəbər 874 dəfə oxundu.