Rizvan Rəsulov: "İdmançılarımız yarışa tam hazır getmişdilər"
Bu gün ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranlar arasında keçirilən dünya birinciliyində və Rusiyanın Vladiqafqaz şəhərində baş tutan 22 yaşadək boksçular arasında Avropa çempionatında uğur qazanan Azərbaycan yığma komandalarının üzvləri ilə Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov hər iki yarışda uğur qazanan idmançıları təbrik edib. O, ölkədə idmana göstərilən dövlət qayğısından danışıb: "Azərbaycan I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran-Pri yarışlarına uğurla ev sahibliyi edib. İnanıram ki, idmançılarımız Yay Olimpiya Oyunlarında da uğur qazanacaq".

AAAF-ın baş katibi Rizvan Rəsulov ölkə idmanın inkişafından danışıb. O, ağırlıqqaldıranların ABŞ-da böyük uğura imza atdığını deyib: "İdmançılarımız yarışa tam hazır getmişdilər. Nəticələri qənaətbəxş saymaq olar. Bu gənclər gələcəkdə əsas heyəti formalaşdıracaqlar. Ümid edirəm ki, nəticələrimizlə hamını sevindirməyə davam edəcəyik"

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Asif Məmmədov turnirə tam heyətlə yollana bilmədiklərini deyib: "Yarışa daha böyük heyətdə qatıla bilərdik. Ancaq zədələr bəzi idmançıların ABŞ-a getməsinə əngəl oldu. Bu dəfə dünya birinciliyində daha çox medal qazana bildik".

Boks yığmasının böyük məşqçisi Nəriman Abdullayev bəzi görüşlərdə hakimlərin ədalətsiz qərarları ilə üzləşdikərini vurğulayıb.

Baş məşqçi Vaqif Şirinov da nəticənin qənaətbəxş olduğunu söyləyib: "Hakimlərin bəzi ədalətsiz qərarları olsa da, nəticədən razıyıq. Bu, gənclərin inkişafı üçün önəmli turnir idi. Gələcəkdə əsas yığmanın heyətinin 50 faizi dəyişəcək, yeni adlar olacaq. Bu gün heyətdə yer alanlar gələcəkdə əsas komandanı təşkil edəcəklər".

Xəbər 912 dəfə oxundu.