Şose velosipedinin fərdi ötüşmələr növü üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşib
Şose velosipedinin fərdi ötüşmələr növü üzrə Bakı kuboku uğrunda yarış keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.

15 yaşadək qızların mübarizəsində Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndəsi Radxa Şabanova ən yaxşı nəticə göstərib. Bu yaş kateqoriyasında oğlanlar arasında 7 saylı Olimpiya Velosiped Məktəbindən Əli Xabayev birinci yeri tutub. Adı çəkilən məktəbin digər təmsilçisi Viktoriya Sidorenko 17 yaşadək qızlar arasında digər rəqiblərini qabaqlayıb. On yeddi yaşadək oğlanlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Nikita Sıtov fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Gənc qız və oğlanlar arasında da Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri fərqləniblər. Elfanə Camalova və Nəcəf Bağırov ən yaxşı göstərici ilə çempionluq sevinci yaşayıblar.

İlk 3 yeri tutmuş idmançılar diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

AZƏRTAC

Xəbər 1304 dəfə oxundu.