Mariana Vasileva: Azərbaycanda gimnastikanın inkişafı üçün çox yaxşı şərait yaradılıb
Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın sayəsində ölkədə gimnastikanın inkişafı üçün çox yaxşı şərait yaradılıb.

Bunu bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva bildirib.
Mütəxəssis deyib ki, bu il Bakı dünyanın gimnastika paytaxtı olacaq. Belə ki, Azərbaycan gimnastika üzrə çoxsaylı irimiqyaslı yarışlara ev sahibliyi edir.

"Fevralda Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışları təşkil olunub. Ölkəmiz idman gimnastikası üzrə dünya kuboku yarışlarına da yüksək səviyyədə ev sahibliyi etdi. Aprelin 26-27-də isə bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Həmin turnir ərəfəsində "AGF Trophy" beynəlxalq turniri də təşkil ediləcək. Bu turnirə Avropa çempionatına hazırlaşan yeniyetmə gimnastlar qatılacaqlar. Qitə birinciliyinin də ölkəmizdə keçirilməsi çox sevindirici haldır.

Avropa çempionatında Moldova və Şimali Makedoniyanın ilk dəfə iştirak edəcəyini diqqətə çatdıran M.Vasileva deyib: "Qitə birinciliyi sentyabrda Bakıda təşkil olunacaq bədii gimnastika üzrə dünya çempionatına hazırlıq xarakteri daşıyacaq. Mundiala çoxsaylı xarici qonağın və güclü gimnastların qatılacağı gözlənilir".

Xəbər 765 dəfə oxundu.