Boksçularımız Avropa çempionatında finala vəsiqə uğrunda mübarizə aparacaqlar
Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir.

Azərbaycan millisinin üç üzvü çempionatın yarımfinalına vəsiqə qazanıb. Rüfət Hüseynov (49 kq) macarıstanlı Attila Bernatı 5:0 hesabı ilə məğlub edib. O, bu gün – martın 15-də yarımfinalda Rusiya idmançısı Volodya Mnatsakanyan ilə qarşılaşacaq.

Cəbrayıl Yelekov (81 kq) da dörddəbir finaldakı çıxışını qələbə ilə başa vurub. O, bu dəfə Kristin Nikolovu (Bolqarıstan) mübarizədən kənarlaşdırıb – 5:0. Təmsilçimiz martın 16-da finalda ukraynalı Aleksandr Poxrebnyak ilə üz-üzə gələcək.

Martın 15-də yığmamızın digər üzvü Məhəmməd Abdullayev (+91 kq) də rinqə çıxacaq. O, dörddəbir finalda Vladislav Muravinə (Rusiya) 5:0 hesabı ilə qalib gəlib. Həmyerlimiz yarımfinalda xorvatiyalı Luka Pratlyaçiç ilə qarşılaşacaq.

Hər üç boksçumuz özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Daha bir boksçumuz Ruslan Rüstəmov (60 kq) dörddəbir final səddini keçə bilməyib. Təmsilçimiz Dmitri Tsaşkeviç (Belarus) ilə gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə 2:3 hesabı ilə məğlub olub. İdmançımız çempionatı beşinci pillədə başa vurub.

Xəbər 1038 dəfə oxundu.