“Şahin” hərbi-idman oyununun Qəbələ rayon turunda 20 komanda mübarizə aparıb
Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Qəbələdə keçirilən rayon turunun yarışları şəhər 1 saylı tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Şəhər 2 saylı tam orta məktəbin idman meydançasında keçirilən yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən 20 komanda mübarizə aparıb.

Birinciliyin açılış mərasimində Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, Gənclər və İdman, Təhsil və Müdafiə nazirliklilərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıdığını bildirib.

Sonra yarışların startı verilib. Əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar yüksəkliyə dırmanma, qumbara atma və digər yarışlarda qüvvələrini sınayıblar.

Rayon birinciliyinin qalibi olan Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası, eyni zamanda, Şəki şəhərində keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazanıb. Sonrakı yerləri şəhər 3 saylı və Soltannuxa kənd tam orta məktəblərin komandaları tutublar.

Qalib komandalar idarənin diplomları ilə mükafatlandırılıblar.


Xəbər 729 dəfə oxundu.