Azərbaycanlı karate mütəxəssisləri üçün beynəlxalq seminar keçirilib
Ölkəmizdə təşkil olunan 10-cu “Baku Open” beynəlxalq karate turniri ərəfəsində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə Bakıda olan Dünya Karate Federasiyasının (WKF) hakimlər komitəsinin üzvü və Avropa Karate Federasiyasının (EKF) hakimlər komitəsinin sədri Alois Viesboekin rəhbərliyi ilə seminar keçirilib. Seminarda WKF və EKF-in hakimlər komitəsinin üzvü Uğur Kobaş da iştirak edib.

AMKF hakimlər komitəsinin sədri, beynəlxalq referi Cahangir Babayev avstriyalı mütəxəssisə assistentlik edib. Milli hakimlərin, məşqçilərin və əsas komandanın üzvlərinin iştirak etdikləri seminarda A.Viesboek kumite və katanın mövcud qaydaları, dəyişikliklər və yeniliklər barədə ətraflı məlumat verib.

AMKF-in prezidenti Yaşar Bəşirov təcrübəsini azərbaycanlı hakimlər, məşçqilər və idmançılarla bölüşdüyü üçün Alois Viesboekə minnətdarlığını bildirib. O, belə tədbirlərin mütəmadi qaydada təşkilinin vacibliyini ifadə edib.

Seminarda iştirak edən hakim və məşqçilərə sertifikatlar təqdim olunub.

Xəbər 747 dəfə oxundu.