Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin iki cavab oyunu keçiriləcək
Martın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki cavab görüşü keçiriləcək.

Mərhələnin maraq doğuran oyunu “Allianz” stadionunda baş tutacaq. İtaliyanın “Yuventus” klubu İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edəcək. Bu komandaların Madriddə keçirilən görüşündə meydan sahibləri üstün olublar – 2:0. Turin təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün üç top fərqi ilə qalib gəlməlidir.

Turinlilərin heyətində Aleks Sandro cəzalı, Andrea Barzayyi və Sami Xedira isə zədəli olduqları üçün oyunda iştirak etməyəcəklər. Mattia De Şilyonun isə matçda iştirakı sual altındadır. Madrid klubunda isə Tomas Partey, Dieqo Koşta cəzalı, Filipe Luis və Lukas Ernandes zədəlidir. Dieqo Qodinin oyunda iştirak edib-etməməsi isə qarşılaşmanın başlanma saatlarında müəyyənləşəcək.

Günün digər oyununda Almaniyanın “Şalke” klubu İngiltərə çempionu “Mançester Siti” komandasının qonağı olacaq. Səfərdə rəqibini 3:2 hesabı ilə üstələyən “şəhərlilər”ə bugünkü matçda heç-heçə də sərf edəcək. İngiltərə təmsilçisinin heyətində Klaudio Bravo və Kevin De Brüyne zədəli olduqları üçün meydana çıxa bilməyəcəklər. Nikolas Otamendi və Fernandinyo isə cəzalıdır. Qonaqların heyətində isə Alessandro Şöpf zədəlidir.

Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. “Yuventus” - “Atletiko Madrid” görüşü “CBC Sport”, “Mançester Siti” - “Şalke” oyunu isə “İdman Azərbaycan” kanallarında birbaşa yayımlanacaq.

Xəbər 965 dəfə oxundu.