İstək təcrübəni üstələdi
Həftəsonu otüstü hokkey üzrə Azərbaycan çempionatında 3-cü turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, yüksək dəstədə çıxış edən kişilərdən ibarət klublar birinciliyində turun ən maraqlı və prinsipial görüşü ötənilki çempion -«Akkord» və bürünc mükafatçı - «Şahdağ» (Qusar) arasında olub.

İdman.com.az xəbər verir ki, görüş şirkət təmsilçilərinin 6:4 hesablı çətin qələbəsi ilə başa çatıb. «Atasport» (Bakı) - «Gənclik» (Sumqayıt) matçında toplar yalnız bir qapıya vurulub. Paytaxt təmsilçiləri Azərbaycanın 16 yaşına qədər seçmə komandasının üzvlərindən ibarət heyəti 9:0 hesabı ilə məğlubiyyətə uğradıblar.

3 turdan sonra turnir cədvəlində vəziyyət belədir: 1.«Akkord» - 9, 2.«Atasport» - 7, 3.«Şahdağ» - 4, 4.«Gənclik» - 0.

Qadın komandaları arasında yarışda «Atasport-2» - «Xəzər» (Lənkəran) görüşündə birqapıya oyun daha məhsuldar olub. «Atasort-2» cənubluları Bakıya gəlməyə peşman edərək onları 13:0 hesabı ilə məğlubiyyətə uğradıb. «Bakı» - «Sumqayıt» matçında favorit sayılan bakılı qızlar rəqiblərini 5:1 hesabı ilə üstələyiblər.

Turun prinsipial oyunu Qusarın «Samur» və «Şahdağ» komandaları arasında gözlənilirdi. «Şahdağ» kifayət qədər stajlı, «Samur» isə yeni yaradılan və cəmisi 2-ci ildir ki, ölkə çempionatında mübarizə aparan klubdur. Ancaq bu dəfə istək, qələbə qazanmaq arzusu təcrübədən üstün olub. «Samur» hər hissədə 3 qol vuraraq yekunda 6:0 hesabı ilə qələbə qazanıb.

3 turdan sonra turnir cədvəlində vəziyyət belədir: 1.«Bakı» - 9, 2.«Samur» - 9, 3.«Atasport-2» - 6, 4.«Sumqayıt» - 3, 5.«Şahdağ» - 0, 6.«Xəzər» - 0.

Xəbər 1696 dəfə oxundu.