Sablyaçılarımız Afinada dünya kubokunun mərhələ yarışında iştirak ediblər
Yunanıstanın paytaxtı Afinada sablya üzrə dünya kubokunun mərhələ yarışına yekun vurulub.

Azsport.az Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, qadın sablyaçılarımızdan Sevil Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb. Sevil pley-offda Yunanıstan təmsilçisi İlianna Elefzeria Triantafillini 15:8 hesabı ilə məğlub edib. Təmsilçimiz növbəti mərhələdə Qazaxıstan idmançısı Tatyana Prixodkaya 11:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 6 görüşdən 4-də qalib gələn Sevinc Bünyatova isə pley-off mərhələsində Çin idmançısı Henqyu Yanqa 1:15 hesabı ilə məğlub olub. Qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran Səbinə Kərimova pley-offda Türkiyə təmsilçisi Aylin Çakırı 15:6 hesabı ilə məğlub edib. Səbinə növbəti mərhələdə yaponiyalı Norika Tamura 9:15 hesabı ilə uduzub. Sablyaçılarımızdan Sevil Bünyatova ümumilikdə 200 sablyaçının qatıldığı turnirdə 67-ci, Səbinə Kərimova 73-cü, Sevinc Bünyatova isə yekun sıralamada 106-cı sırada qərarlaşıb.

Səbinə Kərimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət sablya üzrə qadınlardan ibarət yığmamız turnirin sonuncu günündə komanda yarışında çıxış edib. Sablyaçılarımız onaltıdabir final mərhələsində Belarus komandasına 43:45 hesabı ilə uduzublar.

Xəbər 1048 dəfə oxundu.