Qələbə qazanan Astaralı idmançılarla görüş keçirilib
Martın 6-da Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev boks idman növü üzrə respublika çempionatında qalib olan idmançılarla və onların məşqçisi ilə görüşüb.

Martın 7-də idmançılarla və onların məşqçisi ilə daha bir görüş baş tutub. Görüşdə Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Ərçivan qəsəbə 2 saylı tam orta məktəbin direktoru Cahangir Cahangirov, Təhsil Şöbəsinin müdir müavini Sultanağa Baxşıyev çıxış edərək gənclərin vətənpərvərlik tərbiyəsindən, dövlətə bağlı olmaqdan, sağlam həyat tərzinin gənclərə aşılanmasından söz açıb. Tədbir iştirakçıları idmançıları və məşqçi Nurlan Məmmədovu təbrik ediblər və onlara yeni uğurlar arzulayıblar.

Qeyd edək ki, fevralın 25-dən martın 2-dək Azərbaycan Boks Federasiyasının İdman Kompleksində boks idman növü üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib. Gərgin keçən mübarizənin sonunda Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin şagirdi Zaur Qəhrəmanov (48 kq) və Ərçivan qəsəbə 2 saylı tam orta məktəbin şagirdi Səyədulla Nəsirov birinci, Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin şagirdi Mirzağa Hüseynli (46 kq)üçüncü yerə layiq görülüblər.

Xəbər 827 dəfə oxundu.