Sərbəst güləşçilərimiz Avropa çempionatını 4 medalla başa vurublar
Serbiyanın Novi Sad şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı başa çatıb.

Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Əsgər Məmmədəliyev (61 kq) qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz əvvəlcə ispan, daha sonra isə macar güləşçini vaxtından əvvəl məğlub edərək adını yarımfinala yazdırıb. Şamil Zubairov (92 kq) da eyni uğura imza atıb. Ötən il bu yaş qrupunda dünya çempionu olan yığmamızın üzvü İtaliya və Ermənistan təmsilçiləri üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq Hacımurad Məhəmmədsəidov (86 kq) və İslam Abuyev (125 kq) debütdə rəqiblərinə uduzublar. H.Məhəmmədsəidovun rəqibi finala yüksəldiyi üçün yığmamızın üzvü təsəlliverici görüşə çıxıb. İtalyan rəqibinə heç bir şans tanımayan Hacımurad növbəti görüşdən də qalib ayrılaraq bürünc medalı boynundan asıb.

Yarımfinal qarşılaşmaları axşam seansında keçirilib. Ə. Məmmədəliyev finalın bir addımlığında Rusiya təmsilçisi ilə bacarmayıb. Ş.Zubairov isə yarımfinalda Ukraynadan olan həmkarına uduzub. Hər iki güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb. Ə.Məmmədəliyev Belarus təmsilçisini üstələyərək Avropa üçüncüsü olub. Ş.Zubairov da öz növbəsində Belarus təmsilçisinə ilk hissədə qalib gələrək bürünc medalla təsəlli tapıb.

Xatırladaq ki, çempionatın beşinci günündə güləşçimiz Davud İbrahimov (70 kq) da eyni uğura imza atıb. Beləliklə, sərbəst güləş yığmamız Avropa çempionatını 4 bürünc medalla başa vurublar.

Xəbər 756 dəfə oxundu.