MOK-da Avropa çempionu Nazim Babayevlə görüş keçirilib
Martın 6-da Milli Olimpiya Komitəsində Şotlandiyanın Qlazqo şəhərində üç təkanla tullanma yarışında Avropa çempionu olan Azərbaycan atleti Nazim Babayevlə görüş keçirilib.

Mətbuat konfransında çıxış edən MOK-un vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə Nazim Babayevin atletika idman növündə böyük uğura imza atdığını deyib: ”Nazimin 35-ci qış Avropa çempionatında qızıl medal qazanması ölkəmizdə idmanın, o cümlədən atletikanın inkişafının göstəricisidir. Bu qələbə sübut etdi ki, ölkəmizdə bu idman növündə də inkişaf var və Azərbaycanda böyük potensialı olan kifayət qədər gənc atlet yetişib. Bu isə atletika idmanında daha böyük uğurların qazanılacağını deməyə əsas verir. Doğrudanda, qürurverici hadisədir. Onun rəqibləri arasında Avropa çempionu portuqaliyalı Nelson Evora da var idi. Amma o, 17,29 metr məsafəyə tullanaraq, çempion adına sahib oldu. Əminəm ki, Nazim Babayev daha mötəbər turnirlərdə, o cümlədən Olimpiya Oyunlarında və dünya çempionatlarında da uğurla çıxış edəcək. Bu gün o, elə yaşdadır ki, bundan sonra 3 olimpiadada çıxış edə bilər”.

Ç.Hüseynzadə atletikada legioner məsələsinə də aydınlıq gətirib: “Biz Aleksis Kopellonu gətirəndə çoxları deyirdi ki, niyə legioner gətirirsiniz? Açığı, Kopellonun olması Nazimi də qıcıqlandırırdı və onda rəqabət hissi oyandırırdı. Bunun nəticəsidir ki, o, IV İslam Həmrəyliyi Oyunlarında Kopellodan yüksək nailiyyət əldə etdi”.

Nazim Babayevin məşqçisi Ziyad Xəlfəliyev atletimizin çempionatda inamla çıxış etdiyini vurğulayıb: “19 atlet arasında gərgin mübarizə gedirdi. Nazimin rəqiblərinin təcrübəli olmalarına baxmayaraq, o, sonadək mübarizə apardı və Azərbaycan Respublikasının dövlət himnini 20 min tamaşaçının olduğu arenada səsləndirməyi bacardı”.

Yarışda öz üzərində böyük məsuliyyət hiss etdiyini deyən Nazim Babayev yarışa mübarizə əzmilə çıxdığını diqqətə çatdırıb: ”Yarışa qələbə əzmilə çıxmışdım. Bir neçə ay ərzində texniki cəhətdən yaxşı hazırlaşmışdım. Rəqiblərim arasında olimpiya çempionu da var idi. İnanıram ki, bu uğurlarım davamlı olacaq. Qarşıdakı hədəfləri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq, dünya və olimpiya çempionu olmaqdır”.

AAF-ın baş katibi Məhərrəm Sultanzadə indiyədək Azərbaycan idmançılarından Avropa çempionatlarında üçtəkanla tullanma yarışında çempionun olmadığını vurğulayıb: “İndiyədək bu növdə Avropa çempionumuz yox idi. Nazim Babayev fevralın 16-da Balkan Oyunlarında ikinci yeri tutub. O, bu çempionatda isə daha böyük uğur qazandı. Məhz bu uğur Azərbaycanın 49 ölkə arasında onuncu yeri tutmasını təmin etdi. Halbuki yarışa cəmi 2 atletlə yollanmışdıq”.

Federasiyanın vitse-prezidenti Firat Hüseynov və baş məşqçi Bəhruz Salehli qazandığı böyük uğur münasibətilə Nazim Babayevi və məşqçisi Ziyad Xəlfəliyevi təbrik edib, onlara uğurlar arzulayıblar.

Xəbər 1152 dəfə oxundu.