Bədən Tərbiyəsi və İdman günü bu dəfə Avropa idman şəhəri olan Gəncədə qeyd edildi
Martın 5-də, Gəncə şəhərində Bədən Tərbiyəsi və İdman Günü və “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi keçirilib.

Heydər Əliyev Park Kompleksində keçirilən mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının rəsmi nümayəndələri, Gürcüstanın Batumi şəhəri meriyasının təmsilçiləri, eləcə də ölkəmizin tanınmış idmançıları, yerli və xarici qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət edərək, əklil qoyublar. Nazir Azad Rəhimov və şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov idman veteranları və idmançılarla görüşərək onları bu əlamətdar gün münasibətilə təbrik ediblər.

Təntənəli açılış mərasiminə Heydər Əliyev Mərkəzinin önündən start verilib. Mərkəzdən amfiteatradək olan məsafədə qurulan pavilyonlarda fərqli idman növləri üzrə təmsil etdikləri idman federasiyaları və idman klublarının üzvləri nümunəvi çıxışlarını təqdim ediblər.

Nazir Azad Rəhimov Gəncə şəhərini yerli və beynəlxalq əhəmiyyətli yarışlarda təmsil edən gənclərlə və veteran idmançılarla görüşüb.

Təntənəli mərasim Dövlət himinin səslənməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tarixi əhəmiyyətli hadisə - “2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin açılışı münasibətilə gəncəliləri və idman ictimaiyyətini təbrik edib.

Bildirilib ki, Azərbaycanda böyük idman hərəkatı ayrı-ayrı bölgələrdə olduğu, kimi Gəncə şəhərində də uğurla həyata keçirilir. Gəncə idmançıları hər il müxtəlif beynəlxalq yarışlarda iştirak edərək ildən-ilə öz nailiyyətlərini yüksəldirlər.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin nailiyyətlərindən danışan Niyazi Bayramov, idmanın ayrı-ayrı sahələrinə, yeniyetmə və peşəkar idmançılara yaradılan şəraiti, göstərilən diqqət və qayğını yüksək dəyərləndirib.

Qeyd edilib ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı olan Gəncə “ACES Europe” təşkilatı tərəfindən bu il üçün Avropanın İdman Şəhəri tituluna layiq görülüb.

Vurğulanıb ki, Gəncədə hazırda üç idman məktəbi fəaliyyət göstərir. Bu məktəblərin yetirmələri həm ölkə, həm Avropa, həm də dünyamiqyaslı yarışlarda yüksək nailiyyətlər qazanırlar. Şəhərdə peşəkar və həvəskar futbol klubları yaradılıb. Gəncədə ölkəmizin əksər bölgələrində olduğu kimi müasir olimpiya idman kompleksi fəaliyyət göstərir.

Sonda Niyazi Bayramov əminliklə ifadə edib ki, gəncəli idmançılar Azərbaycanda bu sahəyə, eləcə də onlara göstərilən dövlət dəstəyinə beynəlxalq yarışlarda bayrağımızı ucaltmaqla cavab verəcəklər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov beynəlxalq layihənin açılışı münasibətilə idman ictimaiyyətini və gəncəliləri təbrik edib.

Martın 5-nin ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü olduğunu deyən Azad Rəhimov bildirib ki, bu tarix Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd olunur. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini göstərib.

Nazir Gəncənin 2019-cu ildə Avropanın İdman Şəhəri titulunu şərəflə daşıyacağını, Nizami yurdu idmançılarının isə hər il olduğu kimi bu il də yüksək nailiyyətlər qazanacağını deyib.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Gəncənin 2019-cu ildə Avropanın İdman Şəhəri tituluna layiq görülməsi bu şəhərin zəngin idman ənənələrinə malik olduğunun təsdiqidir. “1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra respublikamızda ilk olimpiya komplekslərindən biri məhz Gəncə şəhərində inşa olunub. Bu gün isə Gəncə şəhərində daha bir böyük olimpiya idman kompleksi tikilir. Bu idman sarayı da şəhərdə idmanın inkişafına xidmət edəcək”, – deyə Ç.Hüseynzadə qeyd edib.

Sonra Gənclər və İdman Nazirliyinin sifarişi əsasında, xüsusi olaraq layihənin açılış mərasimi üçün hazırlanmış, Gəncənin çoxəsrlik tarixini, müasir inkişafını və idman uğurlarını özündə əks etdirən “Karvan” filmi mərasim iştirakçılarına təqdim olunub.

Tədbir boyu şəhərdə gəzən karvan rəmzi olaraq Gəncənin idman tarixinə səyahət edib və amfiteatra toplaşmış tamaşaçılar bu səyahəti monitor vasitəsilə izləyiblər.

Açılış mərasimində Bakıdan dəvət olunmuş və yerli incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.

Beləliklə, “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi öz inkişafının müasir dövrünü yaşayan Nizami yurdunda coşqu ilə qarşılanıb və ictimai əhəmiyyətli ümumşəhər idman bayramına çevrilib.

Xatırladaq ki, 2018-ci il mayın 16-da Gəncə şəhəri 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Belçika Krallığının paytaxtı Brüsseldə “ACES Europe”nın təşkilatçılığı ilə Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarını qazanan şəhərlərin rəsmi təltif olunma mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib. Avropanın İdman Şəhəri titulunu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

Xəbər 1514 dəfə oxundu.