Siyəzəndə şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Siyəzəndə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.

10-14 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında keçirilən turnirdə 40-a yaxın şahmatçı yarışıb.

Rayon Gənclər və İdman İdarəsinin Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi yarış İsveçrə sistemi üzrə keçirilib. Birincilik rayonda şahmat idman növünün inkişaf etdirilməsi, stolüstü oyunlara yeniyetmələrin marağının artırılması, həmçinin perspektivli şahmatçıların üzə çıxarılması məqsədi daşıyıb.

Yarışın final oyunlarının nəticələrinə əsasən oğlanlar arasında Nicat Rəfiyev, Raiq Əliyev və Amid Allahverdiyev müvafiq olaraq ilk üç yeri qazanıblar.

Qızlar arasındakı yarışda Könül Dadaşova I, Zərnişan Musazadə II, Humay Ağayeva III yerə layiq görülüb.

Rayon birinciliyinin qalibləri sonda Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.

Xəbər 779 dəfə oxundu.