Aqil Acalov Azərbaycan Brazilya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti seçilib
Azərbaycan Respublikası Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti vəzifəsinə seçkilər keçirilib.

Tədbirdə Aqil Acalov İctimai Birliyin prezidenti seçilib. O, həm də Beynəlxalq Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidentidir. Həmin federasiyanın vitse-prezidenti Murad Cəfərov Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin də vitse-prezidenti seçilib.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən İctimai Birliyin təsisçisi Taleh Həsənov bu idman növünün 2006-2007-ci illərdən Azərbaycanda yayılmağa başladığını vurğulayıb. Bildirib ki, İctimai Birlik yarandığı gündən bəri bu idman növünün ölkəmizdə yayılması üçün böyük işlər görülüb. Klubun artıq bir çox rayon və şəhərlərdə, həmçinin bir neçə xarici ölkədə də məktəbləri mövcuddur. Hər il respublika səviyyəsində bir çox yarış və birinciliklər keçirilir. Klub artıq beynəlxalq arenada da özünü göstərə bilib və beynəlxalq yarışlarda uğur əldə etmiş idmançıların yetişdirilməsinə nail olub.

Tədbirdə çıxış edən Aqil Acalov bu idman növünün dünya miqyasında kifayət qədər populyar olduğunu vurğulayıb. O, Azərbaycanda idmanın bu növünün bundan sonra da inkişafı üçün səylə çalışacağını bildirib.

Xəbər 708 dəfə oxundu.