Bu gün Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimi keçirilib
Martın 8-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin bu gün yolasalma mərasimi keçirilib.

Azsport.az saytı xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev, millət vəkilləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin nümayəndələri tərəfindən səhnəciklər nümayiş olunub.

Daha sonra iştirakçılar Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında mübarizə aparacaq atletlərimizin məşq prosesini izləyiblər. Sonra gənclər və idman naziri A.Rəhimov və əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayev Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək Həbib Tağıyevlə stolüstü tennis oynayıblar. Sonda tədbir iştirakçıları atletlər və nümayəndə heyətinin üzvləri ilə görüşüblər.

Jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov BƏƏ-də keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında yarışlara 50-yə yaxın ölkənin idmançılarının qatılacağını deyib.

O qeyd edib ki, atletlərimizin Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirakı çox vacibdir: “İstəyirik hər kəs bilsin ki, belə gənclər də bizim ölkənin vətəndaşlarıdır və onlar da bu cəmiyyətin üzvləridir. Həmçinin ölkəmizdə keçən il təşkil edilən Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu və Xüsusi Olimpiya Komitəsinin qurultayı göstərdi ki, Azərbaycanda bu istiqamətdə əsaslı işlər aparılır. İnanırıq ki, insanlar daun və autizm sindromlu uşaqlara köməklərini əsirgəməyəcəklər. Yığma komandamıza uğurlar və ölkəmizə medallarla qayıtmağı arzu edirəm”.

Qeyd edək ki, Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən çox xüsusi olimpiya idmançısı iştirak edəcək. Yarışlarda Azərbaycanı 56 idmançı təmsil edəcək. Onlar idmanın 10 növündə yarışacaqlar.

Məlumat üçün bildirək ki, ilk dəfə Xüsusi Yay Olimpiya Oyunları 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Xüsusi Olimpiya Təşkilatı tərəfindən təşkil olunan bu oyunlar əqli əlillikləri olan insanların öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması üçün təşkil olunan qlobal inklüzivlik hərəkatıdır. Ölkəmizdəki xüsusi olimpiya atletlərinin də həmin oyunlarda iştirakı təşkil edilir. Ötən dövrdə idmançılarımız ABŞ-ın Kaliforniya ştatının Los-Angeles şəhərində Xüsusi Olimpiya Oyunlarında atletika, badminton, cüdo, stolüstü tennis, pauerliftinq və üzgüçülük növlərində uğurlu nəticələr göstərərək ölkəmizə 24 (8 qızıl, 11 gümüş və 5 bürünc) medalla qayıdıblar.


Xəbər 794 dəfə oxundu.