Azərbaycan Texniki Universitetində 5 mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş festival keçirilib
Martın 1-də Azərbaycan Texniki Universitetinin İdmazn zalında 5 mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş festival keçirilib.

Azsport.az saytının verdiyi məlumata görə, tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak ediblər.

Mərasimdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil:”Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar”.

Ə. Əzizov qeyd edib ki, dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb.

“İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Son illərdə Azərbaycanda yeni Olimpiya İdman kompleksləri, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Bir-birinin ardınca istifadəyə verilən Olimpiya idman kompleksləri bölgələrdə idmanın inkişafında da mühüm rol oynayır. Hazırda bir çox rayonlarda yeni Olimpiya İdman kompleksləri inşa olunmaqdadır”.- deyə, o vurğulayıb.

Tədbirdə bir qrup məşqçi və idmançı 5 mart- Bədən Tərbiyəsi və İdman Günü münasibətilə, yeniyetmə və gənclər arasında idmanın təbliğində göstərdiyi səmərəli fəaliyyətinə, habelə idmanda əldə etdiyi yüksək nailiyyətlərə görə Yasamal rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.

Qeyd edək ki, tədbirdə Olimpiya çempionu Zemfira Meftahətdinova, yunan-Roma güləşi üzrə Dünya və Avropa Çempionatlarının mükafatçısı Elvin Mürsəliyev, kikboksinq üzrə 23 qat Dünya Çempionu, Əməkdar məşqçi Eduard Məmmədov və digər tanınmış idmançılar iştirak ediblər.



Aynurə PƏNAHQIZI





Xəbər 934 dəfə oxundu.